Azərbaycanın hava hücumundan müdafiəsi “Buk-MB” ilə gücünə güc qatır

Son illərdə arsenalını yeni hava hücumundan müdafiə sistemləri ilə gücləndirən Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hava hücumundan müdafiə qoşunları regionda əhəmiyyətli gücə nail olub. Ölkənin hava məkanını tam nəzarətə götürən HHQ günün 24 saatı fasiləsiz döyüş növbətçiliyini yerinə yetirməklə hava məkanımızda və sərhədlərimizdə baş verən bütün prosesləri nəzarət altında saxlayır.

Azərbaycanın sərhədlərində baş verən proseslər, xüsusilə də düşmən Ermənistan tərəfindən ehtimal olunan təhdidlər hava hücumundan müdafiə sisteminin daim döyüş hazırlığı vəziyyətində saxlanılmasını şərtləndirir. Xüsusilə də son illərdə Ermənistan hərbi rəhbərliyinin əlindəki R-17 (“Scud-B”) ballistiki raketləri ilə Azərbaycanın enerji mərkəzlərini və Mingəçevir su anbarını vuracaqları ilə təhdid etməsi bu istiqamətdə daha diqqətli olmağı tələb edir.

5Bu tədbirlərin davamı olaraq, bu günlərdə Hərbi Hava Qüvvələrinin (HHQ) silahlanmasında yeni daxil olmuş “Buk-MB” zenit-raket komplekslərinin təqdimatı və atış testləri keçirilib.

Qeyd edək ki, Belarusun TSP müəssisəsində əsaslı modernizasiya nəticəsində meydana gəlmiş “Buk-MB” (NATO təsnifatında SA-11 Gadfly) Azərbaycan Silahlı Qüvvələrinin arsenalına 2013-cü ildə daxil olub. “Buk-MB”lər ilk dəfə 2013-cü ilin iyun ayında Bakıda keçirilmiş hərbi paradda nümayiş olunub. Azərbaycan HHQ “Buk-MB” ZRK-ləri tətbiq etməklə son bir il ərzində Ermənistan Ordusuna bir neçə pilotsuz uçuş aparatını məhv edib.

Regionda Azərbaycanla yanaşı Gürcüstanın silahlanmasında “Buk-M1”, Rusiyanın Ermənistandakı 102-ci bazasında “Buk-M2” zenit-raket kompleksləri yer alır.

buk4“Buk-MB” “Buk” zenit-raket kompleksləri ailəsinin son nümunələrindən biri olmaqla yanaşı, mütəxəssislərin sözlərinə görə, “Buk”un digər versiyalarından özünün daha müasirliyi və maneələrə qarşı qoruma səviyyəsinə görə fərqlənir. Bəzi göstəricilərinə görə, Rusiyanın yeni hazırlaması olan “Buk-M3” ilə eyni səviyyədə qərarlaşır.

Xatırladaq ki, 2013-cü il iyun ayının 26-da Bakıda keçirilmiş hərbi paradda “Buk-MB” ZRK-nin 6 ədəd 9A310MB özüyeriyən atəş qurğusu, 3 ədəd 9A39MB buraxıcı-yükləyici qurğusu, 9S470MB döyüş idarəetmə mərkəzi və 80K6M radiolokasiya stansiyası nümayiş olundu. Hərbi parada Azərbaycanın silahlanmasında yer alan “Buk-MB” kompleksinin digər ölkələrin silahlanmasındakı “Buk-M1” və “Buk-M2” sistemlərindən fərqli olaraq 9M38 raketləri ilə deyil, yeni 9M317 raketləri ilə təchiz edildiyi məlum olub.

Unifikasiya edilmiş 9M317 raketləri son onillikdə 9M38 raketinin təkmilləşdirilməsi nəticəsində meydana çıxıb. Rusiya istehsalı olan 9M317 raketi taktik ballistik raketləri, strateji qanadlı raketləri, gəmi əleyhinə raketləri, ordu, taktik və strateji aviasiya təyyarələrini, helikopterləri məhv etmək imkanlarına malik olduğunu sübuta yetirib. Çəkisi 715 kq təşkil edən raketini uzunluğu 5.55 m, vurulan hədəflərin maksimal surəti – 1200 m/saniyə təşkil edir. Sələfi 9M38 raketlərindən qanad xordasının daha kiçik olması ilə fərqlənən 9M317 raketinin məhvetmə zonasının maksimal sərhədi 50 kilometrə, məhvetmə yüksəkliyi isə 25 kilometrədək genişləndirilib. Bərk yanacaqlı iki rejimli mühərrikə malik 9M317 raketi yüksək portativliyi, minimal reaksiya müddəti və maksimal tez atma qabiliyyəti ilə sinfində fərqlənir.

buk (2)TSP şirkətinin məlumatına görə, Sovet istehsalı olan 9K37 “Buk” ZRK-nin müasirləşdirilmiş variantlarından biri olan “Buk-MB”nin üzərində aparılmış işlər nəticəsində buraxıcı qurğu, elektronika, döyüş idarəetmə sistemləri və daşıyıcı maşının elementləri 80% müasirləşdirilib. Müasirləşdirilmiş döyüş idarəetmə mərkəzi 9S470MB indeksini alıb. Bununla yanaşı, kompleksin maneələrə qarşı müdafiəsi gücləndirilib. Komanda məntəqəsi ilə effektiv məlumat ötürülməsi interfeysinin yaradılması ilə sistemin döyüş effektivliyi artırılıb.

Bundan başqa, Belarusun mövcud “Buk-M1” kompleksinə daxil olan 9S18M radiolokasiya stansiyası Azərbaycan HHQ-də Belarus-Ukrayna birgə istehsalı olan 80K6M dairəvi icmallı üç koordinatlı mobil radiolokasiya stansiyası ilə (“Volat” şassisi üzərində yerləşdirilmiş) əvəzlənib. Müasirləşdirilmiş “Buk-MB” sistemi eyni anda 255 hava hədəfini müşayiət etməyi bacarır. Sistem radio sükut rejimində, habelə xarici radiolokasiya mənbələrindən hədəf işarəsini alaraq da fəaliyyət göstərə bilir. Radiolokasiya sistemi 95 kilometrə qədər uzaqlıqda hədəfləri aşkarlamaq və 80 kilometr uzaqlıqda onları müşayiət etmək imkanına malikdir.

buk (1)

buk (4)

bn

KATEQORIYA:
Bu xəbəri paylaş