Azərbaycanın İsraildən aldığı minaatan Londonda nümayiş etdirilib – FOTOLAR

İsrailin “Elbit Systems” şirkəti Azərbaycan üçün istehsal etdiyi “Spear Mk 2” avtomat minaatan kompleksini Londonda keçirilən DSEİ-2017 sərgisində nümayiş etdirib.

“AzeriDefence”nin məlumatına görə, 120 mm-lik minaatan kompleksi “Plasan” şirkətinin istehsalı olan 4×4 konfiqurasiyalı “Sand Cat” zirehli maşınının üzərində nümayiş olunub.

Maşının üzərinə və idarəetmə komponentlərinə Azərbaycan dilində yazılan yazılar diqqət çəkib.

Müasir rabitə, atış kompüter, “SmarTMR” adlı multimedia sistemi və GPS ilə təchiz edilən “Spear Mk 2” minaatanı “Cardom” minaatanının yeni nəsli hesab olunur. Minaatanın “SmarTMR” multimedia sistemi müxtəlif sensorlar, silahlar, digər C4İ (komanda, nəzarət, kommunikasiya, kompüter və kəşfiyyat) sisteməri ilə birləşdirilə bilər.

Minaatanın doldurulması avtomat və yaxud əllə həyata keçirilə bilər. Kompleksin heyəti 3 nəfərdir.

Qeyd edək ki, “Elbit Systems” şirkətinin istehsalı olan 120 mm-lik “Spear Mk 2” avtomatik minaatanının ilk nümunələri Azərbaycana çatdırılıb. Azərbaycan Silahlı Qüvvələrinin (DSX) istifadəsindəki BTR-70 zirehli maşının üzərində qurulmuş həmin minaatan avqust ayında prezident İlham Əliyevə nümayiş etdirilib.

İsrailli hərbi mütəxəssislərin sözlərinə görə, Azərbaycan “Spear Mk 2” minaatanının ilk xarici istifadəçisidir.

KATEQORIYA:
Bu xəbəri paylaş