Azərbaycanın müdafiə naziri Koreyanın HDQ komandanı ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Koreya Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Jung Ho-Sub ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib .

Müdafiə Nazirliyində nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə Ölkələr arasında müdafiə, o cümlədən hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri, dövlətlərimizin yerləşdikləri regionlarda təhlükəsizlik məsələləri müzakirə olunub.

Hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistanın regiondakı sabitliyə əsas təhlükə yaratdığını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən koreyalı admiral Azərbaycan-Koreya əlaqələrinin möhkəm dostluğa əsaslandığını xüsusi qeyd edib.

Görüşdə Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin təşkili, azərbaycanlı hərbi dəniz zabitlərinin Koreyanın hərbi məktəblərində və akademiyalarında təhsil almaları, şəxsi heyətin döyüş gəmilərində təcrübə keçmələri, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Koreya nümayəndə heyətinin Hərbi Dəniz Qüvvələri bazasına ziyarəti, müasir infrastruktura malik ərazi və hərbi gəmilərlə tanışlığı, eləcə də şəxsi heyətlə görüşləri keçiriləcək.

Səfər noyabrın 11-dək davam edəcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş