Azərbaycanın müdafiə sənayesində birgə istehsal gücləri yaradılacaq

Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə ölkədə müdafiə sənayesinin inkişaf etdirilməsi ilə bağlı bəzi müddəalar da yer alıb.

“AzeriDefence”nin məlumatına görə, Yol Xəritəsində qeyd olunub ki, ölkə iqtisadiyyatında əhəmiyyətli payını, eləcə də ağır sənaye və maşınqayırma məhsullarından asılılığını nəzərə alaraq, təhlil edilmiş mal kateqoriyaları üzrə dörd sektor – mədənçıxarma (ilk növbədə neft-qaz sektoru), kənd təsərrüfatı, dövlətin nəzarətində olan təbii inhisarlar və müdafiə sənayesi – 2020-ci ilədək olan dövrdə ağır sənaye və maşınqayırmada istehsalın lokomotivi qismində çıxış edə bilər.

Proqramın icrası zamanı təchizat ilə istehsal planları arasında əlaqələndirməni gücləndirmək, satınalan təşkilatlar üçün yerli müəssisələrin istehsal edə biləcəyi konkret mal və avadanlıqları müəyyənləşdirmək, məhsulların keyfiyyət standartlarını və müvafiq tənzimləyici reqlamentləri qarşılıqlı dəqiqləşdirmək və sahəvi araşdırmalar aparmaq məqsədilə mədənçıxarma, təbii inhisarlar, müdafiə sənayesi və kənd təsərrüfatında fəaliyyət göstərən iri sifarişçi təşkilatları, sənaye müəssisələrini və müvafiq dövlət orqanlarını əhatə edən işçi qruplar yaradılacaq.

Sənəddə 2017-2018-ci illərdə müdafiə sənayesi sahəsində birgə istehsal güclərinin yaradılması, ölkəyə idxal olunan müdafiə sənayesi məhsullarının istehsalçıları ilə danışıqlar aparılaraq, ölkədə istehsalı mövcud olmayan məhsulların tam istehsal tsiklinin qurulması üzrə xarici investorlarla birgə müəssisələrin yaradılması üçün təkliflərin hazırlanması, addımların planlaşdırılması əksini tapıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş