Azərbaycanın ordu quruculuğunda Prezident İlham Əliyev mərhələsi – FOTO

Dekabrın 20-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Azərbaycanın ordu quruculuğunda İlham Əliyev mərhələsi” mövzusunda “dəyirmi masa” keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev bildirib ki, müasir Azərbaycan Ordusunun müəllifi ümummilli lider Heydər Əliyevdir: “Heydər Əliyevin bütün sahələrdə siyasətini uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev bu gün ordu quruculuğunun inkişafına böyük töhfə verib. Bu gün Azərbaycan Ordusunun malik olduğu silah və texnikanın 80 faizindən çoxu yenilənib, ordu ən müasir silahlarla təchiz olunub. Hərbi şəhərciklərin çox hissəsi yenidən tikilib və ya tam təmir edilib. Prezidentimizin ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Azərbaycan Ordusunun şəxsi heyəti torpaqlarımızı düşmən tapdağından azad etmək üçün hər an Ali Baş Komandanın əmrini gözləyir”.

Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbani, Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Xanhüseyn Kazımlı prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunun yeni mərhələsindən danışıb.

Ehtiyatda olan polkovnik Mehman Süleymanov, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, ehtiyatda olan birinci dərəcəli kapitan, Nurulla Əliyev, yazıçı-publisist Natəvan Dəmirçioğlu, “AzeriDefence” jurnalının baş redaktoru Rəşad Süleymanov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun atası Salman Qurbanov və digər çıxış edənlər də son illər Azərbaycanda digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da yaşanan sürətli inkişafdan danışıb, Silahlı Qüvvələrin maddi-texniki bazasının qısa zaman kəsiyində yeniləndiyini, Azərbaycan Ordusunun Cənubi Qafqazın ən güclü ordusuna çevrildiyini söyləyiblər.

Vətən oğullarının bu gün müxtəlif qoşun növlərində xidmət edərək döyüş hazırlığını artırmaqla məşğul olduğunu bildirən “dəyirmi masa” iştirakçıları hərbçilərin Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan silahlı birləşmələri ilə təmas xəttində döyüş növbəsi apardıqlarını, müstəqil dövlətin və dövlətçiliyin keşiyində ayıq-sayıq dayandıqlarını vurğulayıblar.

Bildirilib ki, bu gün Silahlı Qüvvələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordunun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. Ötən ilin aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və işğal altındakı torpaqları qısa müddətdə azad etməyə qadir olduğunu bir daha göstərib.

Xüsusi vurğulanıb ki, Azərbaycan xalqı öz Prezidentinə inanır və işğal altındakı torpaqları Ali Baş Komandanın rəhbərliyi ilə azad ediləcəyi, ərazi bütövlüyünün təmin olunacağı, Azərbaycan bayrağının Şuşada, Xankəndidə, Laçında və işğal altındakı digər əzəli torpaqlarda dalğalanacağı günün uzaqda olmadığına qəti əmindir.

KATEQORIYA:
Bu xəbəri paylaş