Azərbaycan-Belarus hərbi əlaqələri müzakirə olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Azərbaycana yeni təyin olunmuş səfiri Gennadi Axramoviç ilə görüşüb. 

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfirə diplomatik fəaliyyətində uğurlar arzulayan müdafiə naziri Azərbaycan ilə Belarus arasında hərbi sahədə mövcud əməkdaşlığın və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətləri qeyd edərək dövlətlərin regional təhlükəsizliyə verdiyi töhfələri xüsusi vurğulayıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan nazir qeyd edib ki, uzun illər davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə əsas təhlükədir. 

Öz növbəsində səfir diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib. Diplomat Azərbaycan ilə Belarus arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, o cümlədən yeni hərbi texnologiyaların tətbiqi, mütəxəssislərin hazırlanması, Silahlı Qüvvələrin ekspertləri səviyyəsində qarşılıqlı təcrübə mübadiləsi, işçi görüşlərinin təşkili və digər məsələlər müzakirə olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş