Azərbaycanla NATO arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Azərbaycanda səfərdə olan NATO-nun Hərbi Komitəsinin sədri, general Petr Pavelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliynin mətbuat xidmətindən məlumat verilib.

N.Sadıkov Şimali Atlantika Alyansı ilə hərbi əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif proqramlar çərçivəsində fəaliyyəti, Əfqanıstanda həyata keçirilən “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verilən töhfə haqqında ətraflı danışıb.

N.Sadıkov Azərbaycan ilə NATO arasında səmərəli və etibarlı münasibətlərin qurulmasında ümummilli lider Heydər Əliyevin və dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xidmətlərini xüsusi qeyd edib.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik N.Sadıkov Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb. NATO-nun Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair mövqeyini yüksək qiymətləndirən N.Sadıkov Alyansın bundan sonra da bu istiqamətdə səylərinin davam edəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində NATO-nun Hərbi Komitəsinin sədri, general P.Pavel Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edərək, Azərbaycanın terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Azərbaycan sülhməramlılarının Əfqanıstanda keçirilən əməliyyatlarda göstərdikləri peşəkarlığı yüksək qiymətləndirib.

Azərbaycana səfər etməsindən məmnun olduğunu bildirən qonaq Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə ikitərəfli görüşün məhz Bakıda keçirilməsi üçün göstərilən səylərə və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş