Azərbaycanlı veteranlar “Ukraynanın faşist işğalçılarından azad edilməsinin 70-ci ildönümü” fərqlənmə medalları ilə təltif ediliblər

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Böyük Vətən müharibəsi illərində Ukraynanın azad olunmasında iştirak edən Azərbaycandan olan müharibə veteranlarının “Ukraynanın faşist işğalçılarından azad edilməsinin 70-ci ildönümü” fərqlənmə medalları ilə təltif edilmələri münasibətilə tədbir keçirilib.

Dövlət Xidmətinin mətbuat xidmətindən “AzəriDefence”yə verilən məlumata görə, tədbirdə qurumun rəisi, general-leytenant Arzu Rəhimov, Ukrayna Respublikasının Azərbaycandakı səfiri Aleksandr Mişenko, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Dadaş Rzayev və digər qonaqlar iştirak ediblər.

A. Mişenko tədbirin təşkilatçılığına görə xidmət rəisinə minnətdarlığını bildirib, veteranlara göstərilən diqqət və qayğıdan bəhs edib.

Səfir Azərbaycandan olan veteranların Ukraynanın azad olunması zamanı göstərdiyi qəhrəmanlıqlardan danışıb, onların xatirəsinin Ukrayna xalqı tərəfindən daim əziz tutulduğunu bildirib.

Sonra D. Rzayev veteranlara göstərilən dövlət qayğısından danışıb, onların daim diqqət mərkəzində olduğunu bildirib.

Daha sonra çıxış edən A. Rəhimov Böyük Vətən müharibəsinin bəşər tarixində ən böyük və dəhşətli müharibə olduğunu, Azərbaycan xalqının rəşadət və qəhrəmanlıq nümayiş etdirərək qələbənin əldə olunmasında xidmətlər göstərdiyini, bununla Azərbaycan xalqının nəyə qadir olduğunu bütün dünyaya sübut etdiyini vurğulayıb.

A. Rəhimov qeyd edib ki, müharibə zamanı azərbaycanlılar qəhrəmanlıqları ilə fərqləniblər.

Azərbaycan diviziyalarının keçdiyi döyüş yolunun böyük bir hissəsi Ukraynanın azad edilməsinə aiddir deyən A. Rəhimov 416-cı Taqanroq diviziyası Odessa şəhərinin düşməndən azad edilməsində göstərdiyi qəhrəmanlığa görə II dərəcəli Suvorov ordeni, Ukraynanın azad edilməsi əməliyyatlarında xüsusi qəhrəmanlıqlara görə fərqlənən 20 nəfər Azərbaycanlının SSRİ Ali Baş Komandanı tərəfindən ən yüksək adla, Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif edildiyini diqqətə çatdırıb.

Xidmət rəisi bütün bunların xalqlarımız arasında tarixən mövcud olmuş dostluq ənənələrinin daha da güclənməsində mühüm rol oynadığını xüsusi vurğulayıb.

A.Rəhimov bu gün də Azərbaycan prezidenti İlham Əliyev veteranlara daim yüksək səviyyədə qayğı göstərdiyini, onların sosial problemlərinin həlli istiqamətində dövlət proqramlarının həyata keçirildiyini qeyd edib.

Tədbirin sonunda “Ukraynanın faşist işğalçılarından azad edilməsinin 70-ci ildönümü” fərqlənmə medalları veteranlara təqdim olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş