AZERİ DEFENCE jurnalı yeni ildən POLİQON adıyla nəşrinə davam edəcək

AZERİ DEFENCE jurnalı yeni ildən POLİQON adıyla nəşrinə davam edəcək

Rebrendinq edilməsi ilə əlaqədar olaraq AZERİ DEFENCE jurnalı nəşrini 1 yanvar 2021-ci il tarixindən POLİQON adıyla davam etdirəcək.

Yeni ildən adı dəyişimi ilə yanaşı mövzu və tərtibatında dəyişikliklər olacaq. Texnoloji mövzuların ağırlığı artırılacaq.

AZERİ DEFENCE jurnalının təsisçisi və baş redaktoru Rəşad Süleymanovun sözlərinə görə, perspektiv hədəf regional nəşr olaraq tanıdılması və əhatə dairəsinin genişləndirilməsidir: “2012-ci ilin fevral ayında hərbi xəbər saytı olaraq fəaliyyətə başlayan AZERİ DEFENCE 2012-ci ilin oktyabr ayından jurnal olaraq nəşr olunur. hazırda AZERİ DEFENCE Azərbaycanda yeganə hərbi-texnoloji istiqamətli jurnaldır. Bu günədək 50 sayı və əlavə 5 beynəlxalq sərgidə Xüsusi Buraxılışı olub. Ümumilikdə 8 il ərzində 55 sayı çapdan çıxıb. ADEX, KADEX, IDEF, IDEAS, EDEX, IMDEX, “Silah və Təhlükəsizlik”, “Eurasia Airshow”, “Dubai Airshow”, DEFINDEX kimi beynəlxalq müdafiə sərgisinin rəsmi media tərəfdaşıyıq. Yeddi beynəlxalq və regional əhəmiyyətli hərbi nəşr və ciddi informasiya resursu ilə əməkdaşlıq razılaşmamız var. AZERİ DEFENCE adı fəaliyyətimizi Azərbaycanla məhdudlaşdırır, bəzi beynəlxalq platformalarda lokal media kimi qəbul edilməyimizə səbəb olurdu. Fəaliyyətimizin daha da genişləndirilməsi üçün rebrendinq edilməsi vacib sayıldı və “Poliqon” adını seçdik. Poliqon dediyimizdə yerləşdiyimiz coğrafiyada ağıla ilk olaraq hərbi obyekt, sınaq, təlim meydanı gəlir”.

Jurnalın abunəçiləri arasında Azərbaycan silahlı qüvvələri, güc strukturları, müdafiə sənayesi müəssisələri və şirkətləri, təhsil müəssisələri, o cümlədən hərbi sahə ilə maraqlanan vətəndaşlar yer alır.

Qeyd edək ki, dəyişikliklə əlaqədar olaraq jurnalın www.azeridefence.com domen adı  www.poliqon.az domeninə transfer olunacaq.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş