Azərbaycan 2013-cü ildə aşağı orbitlə peyk çıxaracaq

Azərbaycanın ilk telekommunikasiya peykinin 2012-ci ilin oktyabr ayınadək Kuru kosmodromuna gətirilməsi və sonrakı 3 ay müddətində orbitə çıxarılması planlaşdırılır. ADN-in məlumatına görə, bunu Azərbaycan hökumətinin 2011-ci ilin yekunlarına dair keçirilmiş iclasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

“Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsində kontraktlar üzrə işlər görüldüyünü deyən nazir əlavə edib ki, artıq ikinci telekommunikasiya peyki ilə bağlı araşdırma işləri başa çatmaq üzrədir.

«İkinci peykin orbitə çıxarılması təxminən 2015-ci ilə planlaşdırılır. Yer səthinin müşahidə və tədqiqatı üzrə aşağı orbitli kiçik həcmli peykin orbitə çıxarılması isə 2013-cü ilə planlaşdırılır. Bu sahədə xarici peykin region üzərində icarəyə götürülməsi isə bu il həll olunmalıdır», – deyə Ə. Abbasov vurğulayıb.

Nazir artıq əsas və ehtiyat idarəetmə mərkəzlərinin tikintisinə başlanıldığını və bu ilin avqust ayında idarəetmə sisteminin qurulması üçün peyk şirkətinə təhvil veriləcəyini qeyd edib.

KATEQORIYA:
Bu xəbəri paylaş