Azərbaycan hökuməti xüsusi təyinatlıların və kəşfiyyatçıların günlük ərzaq normasını təsdiq edib

Nazirlər Kabineti Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin xüsusi təyinatlı dəstələrinin və kəşfiyyatçıların ərzaq payını müəyyənləşdirib. “AzeriDefence.com” saytının məlumatına görə, Azərbaycan xüsusi təyinatlı qüvvələrinin rasionuna 31 adda qida daxil edilib.

Normativə əsasən 1 xüsusi təyinatlının gündəlik ərzaq normasına 750 qram 1-ci növ buğda unundan bişirilmiş ağ çörək, 10 qram 2-ci növ buğda unundan bişirilmiş çörək, 120 qram müxtəlif növ yarma, 40 qram makaron, 300 qram ət, 30 qram kolbasa, 90 qram balıq daxildir.

Bundan başqa, xüsusi təyinatlıların adi günlərdə yeməyində 40 qram bitki yağı, 40 qram kərə yağı, 200 qram inək südü və ya 40 qram qatılaşdırılmış şəkərli süd, 30 qram xama, 20 qram pendir, gündə bir ədəd toyuq yumurtası, 70 qram şəkər, 20 qram xörək duzu, 20 qram cem (povidlo), 2 qram çay, 2 qram təbii qəhvə, 0,3 qram müxtəlif ədviyyat (istiot, sarıkök, zəfəran və s.), 0,3 qram xardal tozu, 0,3 qram dəfnə yarpağı və ya qurudulmuş göyərti, 2 qram sirkə və ya müxtəlif souslar, 6 qram tomat pastası, 940 qram kartof və tərəvəz (600 qram kartof, 120 qram kələm, 30 qram çuğundur, 40 qram yerkökü, 50 qram soğan, 100 qram xiyar, pomidor, turşu, göyərti), 200 qram təzə meyvə və yaxud meyvə şirəsi, 20 qram qurudulmuş meyvələr, 10 qram zeytun, 10 qram şokolad, 20 qram ləpə (qoz, fındıq, kişmiş), 20 qram halva və 1 ədəd “Heksavit” vitamin preparatı daxil olmalıdır.

İş günü hesab olunmayan bayram günlərində normanın dəyərinin 30%-i həcmində əlavə ərzaq payı verilməlidir.

Kəşfiyyat qrupları üçün bir nəfər üçün gündəlik ərzaq normasına 40 qram qalet (50 qr. paketlərdə), 338 qram mal əti konservi, 500 qram ət-bitki konservi, 100 qram kolbasa, həmçinin 40 qram şokolad, 20 qram qurudulmuş meyvə (kişmiş), 120 qram konfet (müxtəlif), 40 qram cem, 60 qram ləpə (qoz, fındıq), 2 qram çay birdəfəlik xüsusi paketdə, 2 qram qəhvə birdəfəlik xüsusi paketdə (şəkərsiz), 1 ədəd vitamin preparatı (komplevit) müəyyənləşdirilib. Bundan başqa, günlük normalara 15 ədəd əlsilən (nəmli və ətirli salfet), 1 dəst portativ hərbi yanacaq dəsti (kibrit ilə birgə) və 1 ədəd sutəmizləyici həb daxildir. Bu norma ilə kəşfiyyatçılar, kəşfiyyat tapşırığını yerinə yetirməyə getdiyi gündən qayıtdığı günə kimi təmin edilirlər.

KATEQORIYA:
Bu xəbəri paylaş