Azərbaycan hərbi aviasiyası

Cənubi Qafqazda ən güclüErmənistanla 1994-cü ildə atəşkəs imzalandıqdan sonra ordu quruculuğu sahəsində mühüm addımlar atan rəsmi Bakı 2002-ci ildən başlayaraq Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi istiqamətində çoxsaylı proqramlara start verib. Bu çərçivədə Silahlı Qüvvələrin ayrı-ayrı qoşun növlərinin texnika parkının yeniləşdirilməsi ilə yanaşı, milli istehsalın yaradılmasına xüsusi diqqət yetirilib. 2005-ci ildən Azərbaycan silahlanmanın yeni mərhələsinə başlayıb. Hərbi xərclərin artımı ilə müşaiyət olunan bu dövr Silahlı Qüvvələrin arsenalı müxtəlif ölkələrdən alınmış ən müasir silah və texnikalar hesabına yenilənməsi ilə müşaiyət olunur.

Ötən 10 ildə hərbi aviasiyanın gücləndirilməsi rəsmi Bakının əsas prioritetlərindən biri sayıla bilər. Yeni döyüş təyyarələrinin, helikopterlərin, pilotsuz uçuş aparatlarının (PUA) alınması, ölkədə PUA istehsalının yaradılması, aviaparka daxil olan təyyarələrin və helikopterlərin modernləşdirilməsi, hərbi aerodromların yenidən qurulması, milli kadrlarla komplektləşdirilmə, kadrların bilik və bacarıqlarının artırılması nəticəsində Azərbaycan hərbi aviasiya imkanlarına görə, Cənubi Qafqaz və MDB məkanında ön yerlərə yüksəlib. Azərbaycan pilotları uçuş saatlarına görə, postsovet məkanında ilk yerdə qərarlaşmaqla yanaşı, keçmiş Sovet və NATO ölkələrində istifadə edilən uçuş aparatlarını idarə etməyi bacaran yeganə kadrlar hesab olunur.
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarəçi və mühəndis-mexaniklərlə olan ehtiyacının təmin edilməsi hazırda Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi (AAHTM) vasitəsi ilə həyata keçirilir. 1998-ci ildə keçmiş Uçuş Hazırlığı Mərkəzinin bazasında yaradılmış AAHTM 4 illik proqram üzrə təhsil keçir. Məktəbi başa vuran kursantlara leytenant hərbi rütbəsi verilir. Daha sonra gənc zabitlər nəzəri biliklərini möhkəmləndirmək və praktiki vərdiş qazanmaq üçün 1 illik uçuş haçırlığı təlim mərkəzinə göndərilirlər. Bundan başqa, hərbi aviasiyada Azərbaycan Milli Aviasiya Akademiyasını bitirmiş kadrlara da rastlaşmaq mümkündür. HHQ-nin pilotları müxtəlif uçuş vasitələrinin simulyatorları ilə yanaşı L-29 və L-39 tipli təyyarələrdə praktik təlim uçuşları həyata keçirir, həmçinin Türkiyə və Ukraynada müxtəlif kurslarda iştirak edərək son model təyyarə və helikopterlərin idarə edilməsini mənimsəyirlər. Qonşu Gürcüstanın istehsal etdiyi hərbi təyyarələrin Azərbaycanda yerli pilotların rəhbərliyi altında testlərinin keçirilməsi də bu sahədə kifayət qədər peşəkarlığın əldə olunduğunu göstərir.
Sovet Ordusu ölkəni tərk edərkən hərbi aviaparka daxil olan təyyarə və helikopterlərin bir qismi sıradan çıxarılsa da, sonradan Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu təyyarələr təmir olunaraq Qarabağdakı döyüşlərdə tətbiq edilməyə başlandı. Müxtəlif məlumatlara görə, hazırda Azərbaycanın hərbi aviasiya parkına keçmiş Sovet istehsalı olan MiG-21, MiG-23, MiG-25, MiG-29, Su-17, Su-24, Su-25, Aero L-29, Aero L-39 tipli döyüş və təlim təyyarələri, İl-76 yük, Tu-134 nəqliyyat təyyarələri, desant çıxarma və evakuasiya əməliyyatlarında istifadə olunan An-2 tipli yüngül təyyarələr, Mi-6, Mi-8, Mi-17, Mi-24, Mi-35M, Mi-172, Ka-32 tipli helikopterlər daxildir. Hərbi aviasiya parkına 2005-ci ildən daxil edilməyə başlanmış, Ukrayna istehsalı olan dördüncü nəsil MiG-29 təyyarələri müxtəlif çətin tapşırıqları yerinə yetirmək qabiliyyətinə malikdir. Adıçəkilən təyyarələr Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanda mövcuddur. Rusiya isə Ermənistandakı 102-ci bazasında bu təyyarələrdən iki eskadrilya yerləşdirib. MiG-29 təyyarələrinin eyni zamanda İranın arsenalında olduğu söylənilməkdədir.

On ildə 47 təyyarə, 109 helikopter

Azərbaycanın hərbi aviaparkının yenilənməsi barədə BMT Adi Silahlar Registrində yer alan məlumatlar son 10 ildə rəsmi Bakının bu sahədə böyük addımlar atdığını göstərir. Registrdə alıcı və satıcı ölkələrin təqdim etdiyi hesabatlara görə, son 10 ildə hərbi aviasiyanın inkişafı proqramları çərçivəsində Azərbaycan tərəfindən müxtəlif ölkələrdən 47 döyüş təyyarəsi və 109 helikopter, 30-dan artıq PUA alınıb. Məlumatların təhlili zamanı bəlli olub ki, bu dövrdə Azərbaycan hərbi təyyarələri 4 ölkədən – Ukrayna, Rusiya, Belarus və Gürcüstandan, helikopterləri Rusiya və Ukraynadan, PUA-ları isə İsraildən əldə edib. Bura ölkədə istehsal edilmiş PUA-lar aid edilmir. Modellər üzrə, qeyd olunan dövrdə Azərbaycan Gürcüstandan 13 ədəd Su-25 (12 ədəd Su-25 və 1 ədəd Su-25UB), Ukraynadan 12 ədəd L-39, 16 ədəd MiG-29 (2 ədəd MiG-29UB, 14 ədəd MiG-29), Belarusdan 6 ədəd Su-25 tipli döyüş təyyarəsi alıb. Ümumilikdə, aviaparka daxil edilmiş təyyarələrdən 19-u Su-25, 16-sı MiG-29, 12-si isə L-39 Albatros tipli təyyarələr olub. Helikopterlərə gəlincə, hesabat dövründə Ukraynadan 12 ədəd Mi-24 (1 ədəd Mi-24R), Rusiyadan 24 ədəd Mi-35M, 71 ədəd Mi-8/Mi-17V1/Mi-171, 2 ədəd Ka-32 tipli müxtəlif təyinatlı helikopterlər satın alınıb. Bu helikopterlərdən 84-nün (60 ədəd Mi-17V1 və 24 ədəd Mi-35M) alınmasına dair “Rosoboronexport” şirkəti ilə müqavilə 2010-cu ildə imzalanıb və hazırda qeyd olunan sifariş üzrə çatdırılmalar davam edir.
Perspektiv plana əsasən yaxın 8 ildə Azərbaycanın aviaparkına Pakistan-Çin birgə istehsalı olan JF-17 Thunder, Rusiya istehsalı olan Su-27 və Su-30, Çexiya istehsalı olan Aero L-159 təyyarələrinin, Türkiyə və CAR istehsalı olan zərbə helikopterlərinin, həmçinin silahlandırılmış PUA-ların daxil edilməsi gözlənilir. Artıq Pakistan tərəfi Azərbaycanla JF-17 Thunder təyyarələrinin alınmasına dair ilkin razılaşmanın əldə edildiyini təsdiqləyib. Pakistanın Bakıdakı hərbi attaşesi ötən ilin sonlarında mətbuata müsahibəsində Azərbaycana 25-dən çox təyyarənin satılmasının planlaşdırıldığını söyləyib. Azərbaycan həmçinin Türkiyənin ATAK proqramında iştiraka maraqlı olduğunu açıqlayıb. Müdafiə sənayesi naziri Yavər Camalovun sözlərinə görə, Çexiya tərəfi Azərbaycana L-159 tipli təyyarələrin Bakıda yığılmasını, Ukrayna isə yeni tip helikopterin birgə istehsalı təklifini edib. Hazırda perspektiv planlar kimi bu məsələlərə Azərbaycan hökumətində baxılmaqdadır.

Pilotsuz aviasiya

Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində olan PUA-lar ilk dəfə ictimaiyyətə 2008-ci ildə Bakı şəhərində keçirilən hərbi paradda təqdim olunub. 2008-2011-ci illərin hərbi paradlarında əsasən Orbiter-2M və Aerostar tipli PUA-lar nümayiş etdirilsə də sonrakı dövrlərdə beynəlxalq mərkəzlərin, o cümlədən SİPRİ-nin hesabatlarında yer alan məlumatlara görə, Azərbaycan İsraildən əlavə olaraq 10 ədəd Hermes-450, 5 ədəd Searcher və 5 ədəd Heron tipli PUA satın alıb.
2011-ci ilin mart ayında Bakıda PUA istehsalı ilə məşğul olan birgə müəssisənin istifadəyə verilməsi ilə Azərbaycan hərbi aviasiya sənayesində mühüm mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Azad Systems Co. Müəssisəsində Aeronautics şirkəti ilə birgə Orbiter-2M tipli mini və Aerostar tipli taktik PUA-ların istehsalı həyata keçirilməkdədir. Müdafiə sənayesi naziri Yavər Camalov mətbuata açıqlamasında bu ilə ərzində sifariş üzrə 60 ədəd PUA-nın istehsal edilərək Silahlı Qüvvələrə təhvil veriləcəyini bildirib. Bununla yanaşı, nazir ölkədə silahlandırılmış PUA-ların istehsalı layihəsinin nəzərdən keçirildiyini söyləyib.

DSX və Daxili Qoşunlarda aviasiya

Azərbaycanda HHQ-dən sonra ən böyük hərbi aviasiyaya malik qurum Dövlət Sərhəd Xidməti (DSX) hesab olunur. 2002-ci ilin oktyabr ayının 24-də yaradılmış sərhəd aviasiyası dövlət sərhədinin havadan mühafizəsinin təşkili, baş verən hadisələrə çevik reaksiya verilməsi və şəxsi heyətin təyinat yerinə vaxtında çatdırılması, dağlıq ərazilərdə və dənizdə xilasetmə əməliyyatlarının aparılmasında geniş tətbiq olunur. Ötən dövrdə DSX aviasiyasının kadrlarla komplektləşdirilməsi, mövcud heyətin peşəkarlığının artırılması sahəsində də bir sıra nailiyyətlər əldə olunub. Quru ərazilər üzərində uçuşlardan əlavə olaraq, sərhəd helikopter pilotları hazırda dəniz üzərində uçuşlarına görə, bölgədə ən yüksək səviyyədə ixtisaslaşmış kadrlar hesab edilməkdədir. Müxtəlif dövrlərdə Xəzər dənizinin Azərbaycan bölməsində keçirilən hərbi təlimlərdə də bu sübuta yetirilib. Quru sərhədlərinin mühafizəsi zamanı, eləcə də müxtəlif təlimlərdə sərhəd aviasiyasının An-2 təyyarələri və Mi-8 tipli helikopterlərinin iştirakı pilot və kabin heyətinin peşəkarlığının artırılmasında mühüm rol oynayır. Hazırda DSX aviasiyasına An-2 tipli yüngül təyyarələr, Mi-8, Mi-17V1 və Mi-35M tipli helikopterlər daxildir. Son illər sərhəd aviaparkının gücləndirilməsi prosesi davam etməkdədir. 2010-cu ildə DSX və “Rosoboronexport” şirkəti arasında 24 ədəd Mi-35M tipli universal zərbə helikopterinin, eyni zamanda Mi-17V1 tipli çoxməqsədli helikopterlərin satın alınmasına dair müqavilənin imzalanması sərhəd aviasiyasında yeni dövrün başlanğıcı hesab oluna biləər. Müqavilə çərçivəsində Mi-35M tipli helikopterlərin Azərbaycana göndərilməsinə 2011-ci ilin dekabr ayından başlanıb. Hazırda postsovet məkanında yalnız Rusiya və Azərbaycanın silahlanmasında olan Mi-35M Rusiyanın SSRİ dağıldıqdan sonra hazırladığı azsaylı döyüş helikopterindən biri sayılır. Mi-24V və Mi-24VP helikopterlərinin bazasında yaratdıqları Mi-35 texniki-taktiki xüsusiyyətlərinə görə sələflərini xeyli geridə qoyur. Helikopterlər gecə görmə cihazı və hər cür hava şəraitində 4 km-dən artıq məsafədə hədəfləri tanımağa imkan verən IRTV-445MGH termal sistemi ilə təchiz olunub. Uçuş aparatının üzərinə digər ölkələrin istehsalı olan radiostansiyaların, bort radioelektron sistemlərinin də qurulması mümkündür. Mi-35 bir sıra texniki-taktiki göstəricilərinə, manevr imkanlarına görə də sələfindən fərqlənir. Belə ki, Mi-35-də yüklü çəki 11500 kq, Mi-24-də 10500 kq təşkil etdiyi halda birincinin kreyser sürəti 280 km/saat, maksimal sürəti 340 km/saat, ikincininki isə 270 km/saat, maksimul sürəti 320 km/saat, döyüş aparma yüksəkliyi isə müvafiq olaraq 1750 metr və 1400 metrdir. Helikopterin silahlanmasına iki lüləli QŞ-2-30 topu (470-ə yaxın mərmisi ilə birgə) və müxtəlif raketlər daxildir. Bundan başqa, uçuş aparatının üzərində 6 asma nöqtəsi mövcuddur ki, bura 8 ədəd 9M114 və 9M120F Ataka, 9M120 Şturm-V tipli idarə olunan raketlər, 80 ədəd S-8 tipli 80 kalibrli, 20 ədəd S-113 tipli idarə olunmayan raket yerləşdirilir. Ehtiyac duyulduqda şəxsi təchizatları ilə bir yerdə 8 desantı, asmasında isə 1500 kq yükü daşıya bilir. Azərbaycanın aldığı Mi-35M-lərin silahlandırılmasına həmçinin iki ədəd FAB-500 tipli aviabomba daxildir ki, 250 kq TNT gücünə və 515 kq çəkiyə malik olan bu aviabombanın hər biri 1 kv.km ərazidə dağıntı törədə bilir.
Sərhəd Qoşunları ilə yanaşı bir neçə il öncə Daxili Qoşunların aviasiya eskadrilyasının yaradılmasına başlanıb və bu qurum üçün Mi-17V1 tipli helikopterlər alınıb. Fövqəladə Hallar Nazirliyinin aviasiyasına isə müxtəlif xilasetmə işlərində istifadə oluna bilən Mi-17, Ka-32 tipli helikopterlər və Be-200ÇS tipli amfibiya təyyarəsi daxildir.

Modernizasiya proqramları

2004-cü ildən başlayaraq hərbi aviasiya parkına daxil olan təyyarə və helikopterlərin modernləşdirilməsi istiqamətində bir sıra proqramlar həyata keçirilməyə başlanıb. Hansı ki, hərbi aviasiya imkanlarından bəhs edilərkən, bu layihələrin özəllikləri xüsusilə vurğulanmalıdır. Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, Azərbaycan və NATO arasında razılaşdırılmış Fərdi Tərəfdaşlığq üzrə Əməliyyat Planı (İPAP) çərçivəsində H.Z.Tağıyev qəsəbəsindəki hərbi aerodrom modernləşdirilib. Eyni zamanda hərbi aerodromlarda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə müasir xüsusi avadanlıqlar quraşdırılıb, texniki təminat binaları yenidən tikilib və təmir edilib, aerodromun texniki təminatı, paraşüt-desant xidməti və əyləc paraşütlərinin yığılması binaları inşa olunub.

Hazırda digər aerodromlarda modernləşdirmə işləri davam etdirilməkdədir. Bundan başqa, yeni alınmış təyyarələr dost-düşmən tanıma sistemləri – İFF ilə təchiz olunub. Bu sistem həm hava döyüşləri zamanı təyyarələrin bir birini, həm də hava hücumundan müdafiə sistemlərinin öz təyyarələrini tanıması baxımından əhəmiyyət kəsb edir.
Hərbi Hava Qüvvələrində həyata keçirilmiş mühüm layihələrindən biri də Mi-24 helikopterlərinin modernizasiyasıdır. Yerli AZAIRTECHSERVICE şirkətinin CAR-ın ATE Group və Ukraynanın Aviakon şirkətləri ilə birgə həyata keçirdiyi Mi-24 Super Hind Mk.4 proqramı çərçivəsində modernizasiya olunmuş helikopterlər Mi-24G (Gecə) adlandırılaraq arsenala daxil edilib. İlk dəfə 2009-cu ildə keçirilmiş ümumqoşun təlimlərində nümayiş etdirilmiş Mi-24G helikopteri gecə şəraitində döyüş əməliyyatları üçün nəzərdə tutulub. Helikopter termal nişangah, lazer idarəetmə sistemi ilə təchiz edilib. Mi-24G 20 millimetrlik aviasiya topuna, infraqırmızı başlıqlı raketlər üçün proqramlaşdırılmış aldadıcı reflektorlarının atılması sisteminə malikdir. Helikopterə FLIR şirkətinin çoxkanallı nişangah kompleksi daxil edilib ki, buradan alınan informasiyanın təsvirləri pilotun dəbilqəsindəki mini monitora ötürülür. Helikopterdə modrenləşmə nəticəsində tətbiq edilən silahın çeşidi genişləndirilib. Onun üzərinə Ukrayna istehsalı olan Bariyer-V, həmçinin Denel firmasının istehsalı olan Ingwe və Mokopa tipli idarə olunan tank əleyhinə raketlər (5 min – 10 min metr maksimal atış uzaqlığına malik) yerləşdirmək olar. Hazırda CAR və Ukrayna şirkətinin iştirakı ilə Mi-24 zərbə helikopterlərinin müasirləşdirməsi proqramı üzrə işlər davam etdirilir.

“Azeri Defence” jurnalı
N 01 (01) avqust-sentyabr 2012

KATEQORIYA:
Bu xəbəri paylaş