Azərbaycan hərbi sənayesi ixracatı artırır

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) 2012-ci ildə 22 milyon manat həcmində ixracat həyata keçirib. “AzeriDefence”nin xəbərinə görə, bu barədə jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazirliyin ixracatı 2011-ci il ilə müqayisədə iki dəfəyə yaxın artıb. Y. Camalov növbəti ildə də ixracatın artırılması yönündə işlərin görüləcəyini deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ötən 7 il ərzində Müdafiə Sənayesi Nazirliyində 45 istehsal sahəsi yaradıldığını qeyd edən nazir hazırda 700-dən artıq müdafiə təyinatlı məhsulun istehsal edildiyini bildirib.

Y. Camalovun sözlərinə görə, Müdafiə Sənayesi Nazirliyi 10 dəfə müdafiə təyinatlı məhsulların beynəlxalq sərgisində iştirak edib: “Axırıncı iştirak etdiyimiz sərgi İndoneziyanın paytaxtı Cakarta şəhərində olub. Burada 125 adda müdafiə təyinatlı məhsullar nümayiş etdirmişik. Burada dünyanın aparıcı şirkətlərindən və firmalarından çoxları Azərbaycanda istehsal olunan məhsullara maraq göstərib və əməkdaşlıq istiqamətində müəyyən razılaşmalar əldə olunub”.

KATEQORIYA:
Bu xəbəri paylaş