Azərbaycan Müdafiə Nazirliyi NATO ilə əməkdaşlıq istiqamətlərini açıqladı

Azərbaycan Müdafiə Nazirliyi NATO ilə Planlaşdırma və Analiz Prosesi (PAP) çərçivəsində Uzunmüddətli digər Tərəfdaşlıq Məqsədlərinin yerinə yetirilməsi üzrə müvafiq işlər aparır.
AzeriDefencenin bildirdiyinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytında (www.mod.gov.az) məlumat verilib.

Saytın Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı bölməsində yer alan məlumata görə, PAP çərçivəsində Azərbaycanın qəbul etdiyi 44 Tərəfdaşlıq Məqsədlərindən 31-i (ümumi-18, Quru Qoşunları-7, Hərbi Dəniz Qüvvələri-2 və Hərbi Hava Qüvvələri-4) Silahlı Qüvvələrə aiddir. Hazırda qəbul edilmiş Tərəfdaşlıq Məqsədlərinin bir hissəsi yerinə yetirilib.

PAP sənədinə əsasən NATO-nun keçirdiyi sülhməramlı əməliyyatlarda iştirak etmək üçün Azərbaycan Müdafiə Nazirliyi tərəfindən sülhməramlı bölük, axtarış-xilasetmə üzrə taqım, tibb taqımı, mühəndis-istehkam taqımı və helikopter qrupu ayrılıb.

Saytda Müdafiə Nazirliyinin nəzdində NATO ilə əməkdaşlıq çərçivəsində yaradılmış qurumlar barədə də məlumatlar ilk dəfə ictimaiyyətə açıqlanıb. Bunlar Beynəlxalq Hərbi Əməkdaşlıq idarəsində Avro-Atlantik İnteqrasiya şöbəsi, NATO-nun Standartlaşdırma Sazişləri üzrə Komissiya, Azərbaycan Ali Hərbi Məktəbində NATO/SNT Kafedrası və Milli SNT Təlim Mərkəzidir.

Məlumatda bildirilib ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin 7 zabiti NATO-nun müxtəlif qərargahlarında Tərəfdaşlığın Qərargah Elementi vəzifələrində xidmət edirlər. 2012-ci ildə daha 2 zabitin müvafiq vəzifələrə təyin olunması planlaşdırılır.

Məlumatda Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının (İPAP) 2005-2007-ci illəri əhatə edən 1-ci mərhələsini, bu planın 2008-2009-cu illəri əhatə etdiyi 2-ci mərhələsini müvəffəqiyyətlə yerinə yetirdiyi və 2012-2013-cü illəri əhatə edən 3-cü mərhələyə keçildiyi qeyd olunub.

İPAP öhdəliklərinə uyğun olaraq, 2010-cu ilin 8 iyun tarixində Hərbi Doktrina Milli Məclis tərəfindən qəbul edilib. Hazırda, Strateji Müdafiə İcmalı və Dəniz Təhlükəsizliyi Strategiyası sənədləri hazırlanır.

Saytda NATO ilə əməkdaşlığın həyata keçirildiyi istiqamətlər də göstərilib. Bunlar aşağıdakılardır:

• Azərbaycan Respublikası Silahlı Qüvvələrində çavuş məktəbinin, kiçik zabitlər üçün ixtisas proqramlarının təkmilləşdirilməsi və SQ-in Hərbi Akademiyasının tədris proqramına “Müdafiə Strategiyası və Planlaşdırılması” fənninin yeni modul kimi daxil edilməsi üzrə NATO-nun Hərbi Təlim və Təhsil sistemi proqramına qoşulub;
• Sülhməramlı və humanitar xarakterli çoxmillətli əməliyyatlarda iştirak etmək məqsədilə sülhməramlı və xüsusi bölmələr (tibbi, mühəndis və təminat üzrə bölmələri) hazırlanır;
• Çoxmillətli təlimlərin planlaşdırılması və keçirilməsi üçün Azərbaycan Respublikasının ərazisində təlim bazaları hazırlanır;
• NATO-nun Ali Birləşmiş Transformasiya Komandanlığı Qərargahının Ekspert qrupu tərəfindən Silahlı Qüvvələrin Hərbi Tədris müəssisələrində “NATO günləri” keçirilir;
• Azərbaycan Respublikası Silahlı Qüvvələrinin strateji maraqlarına uyğun olaraq modernləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı və Planlaşdırma və Analiz Prosesi Proqramının tələblərindən irəli gələn öhdəlikləri yerinə yetirir;
• Müdafiə Nazirliyi və Baş Qərargah daxil olmaqla Silahlı Qüvvələrin bütün qoşun növlərinin ştat-strukturu (Q) NATO standartlarına uyğunlaşdırılıb;
• NATO qüvvələri ilə birgə əməliyyat uyarlığı imkanlarına nail olunması məqsədilə Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində fəaliyyət davam etdirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş