Azərbaycan Ordusu son 4 ayda cəbhədə 12 erməni hərbçisini məhv edib

Cari ilin əvvəlindən Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejiminin pozulması ilə nəticələnən provokasiya hallarının sayında artım müşahidə olunmağa başlayıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə APA agentliyi hərbi mənbələrə istinadən araşdırma aparıb.

Araşdırmada qeyd olunub ki, ilin əvvəlindən bu günədək qoşunların təmas xəttində atəşkəsin pozulması ilə bağlı 300-dən artıq fakt qeydə alınıb. Bu hadisələr nəticəsində Azərbaycan Ordusunun 6 hərbçisi və 1 mülki sakin yaralanıb. Həyata keçirilmiş cavab tədbirləri nəticəsində isə Ermənistan Ordusunun 12 hərbçisi öldürülüb, ən azı 9 nəfər yaralanıb. Bundan başqa, Qarabağdakı və Azərbaycanla sərhəddəki bölmələrdə xidmət edən 5 erməni hərbçisi xəstəlikdən və qar uçqunlarına düşərək ölüb. Bura intihar, qarşılıqlı münasibətlərin pozulması kimi faktlardan ölən və ya xəsarət alan hərbçilər daxil deyil.

Aparılan təhlillər Ermənistan Silahlı Qüvvələrinin ötən dövrdə əsasən dövlət sərhədində Qazax və Tovuz rayonları, Qarabağ cəbhəsində isə Füzuli və Xocavənd istiqamətində aktivləşdiyini göstərir. Ermənilərin əsas döyüş itkiləri də məhz bu istiqamətlərdə olub.

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində üzləşdiyi itkilərin “həssaslığı nəzərə alınaraq” Ermənistan Müdafiə Nazirliyinin fevral ayının əvvəllərində döyüş bölgəsinə (əsasən Qarabağa) dislokasiya olunmuş hərbi hissələrə göndərdiyi təlimatda “düşmənin məlumat əldə etməsinin qarşısının alınması üçün hadisələrin maskalanması” əmr edilib. Təlimatda cəbhə xəttindəki hərbi hissələrin tibb xidmətlərinə və hospitallara “düşmən gülləsindən ölümlərin sayını azaltmaq”, itkilərin silahla ehtiyatsız davranış və ya mina partlayışı ilə əlaqələndirilməsi tapşırılıb. Eyni zamanda, “düşmənin radio kəşfiyyatının xəbərdar olmasını əngəlləmək” üçün təmas xəttindəki bölmələrə rabitə vasitələri ilə döyüşlər zamanı yaralanmış və ya həlak olmuş hərbçilərin adlarını söyləmək qadağan olunub.

Ekspertlərin fikrincə, son dövrlər Ermənistan Ordusu Ermənistanın hərbi-siyasi rəhbərliyinin şəxsi maraqlarının qurbanına çevrilərək əvvəlki illərlə müqayisədə ciddi itkilər verməkdədir. Məhz bu səbəbdən qarşı tərəf itkilərin sayını maksimum şəkildə maskalayaraq ictimaiyyətdən gizlətməyə çalışır.

Ermənistan Ordusunun 2011-ci il dekabrın 29-dan bu günədək cəbhədə verdiyi itkilər isə bunlardır:

Dekabrın 30-u saat 17:15 radələrində Xocavənd rayonu istiqamətində atəşkəsi pozmağa cəhd göstərən Ermənistan Ordusu bölmələrinə qarşı həyata keçirilmiş tədbirlər nəticəsində əsgər Gevorq Yeqiazaryan ağır yaralanıb. Ermənistan Müdafiə Nazirliyi faktı ictimaiyyətdən yanvarın 3-dək gizlədib. Ermənistan KİV məlumatı əldə etdiyi zaman ağır yaralanmış əsgər İrəvanda mərkəzi hospitala yerləşdirilmişdi. Onun sonrakı taleyi barədə heç bir məlumat yoxdur.

5 yanvar saat 02:30 radələri. Füzuli rayonunun Horadiz kəndi yaxınlığında atəşkəsi pozan qarşı tərəfin Vanoyan soyadlı əsgəri yaralanıb.

Yanvarın 19-da Füzuli rayonu istiqamətində atəşkəsi pozmağa cəhd edən qarşı tərəfin Ruben adlı (soyadı dəqiqləşdirilməyib) bir əsgəri həlak olub.

Yanvarın 27-si, saat 03:05. Xocavənddə Ermənistan Ordusunun Qarabağdakı alaylarından birində müqavilə əsasında hərbi xidmət keçən Paylak Şahnazaryan cəbhə xətti yaxınlığında atəşkəsin pozulmasına cavab olaraq Azərbaycan əsgərlərinin həyata keçirdikləri tədbirlər nəticəsində başından güllə yarası alaraq ölüb.

3 fevral saat 17:00. Füzuli rayonunun Horadiz kəndi istiqamətində atəşkəsi pozan “Qarabağ erməni Ordusu”nun əsgəri Karlen Baqdasaryan cavab tədbirləri ilə öldürülüb.

5 fevral saat 19:20. Füzuli istiqamətində atəşkəsi pozan Ermənistan Ordusunun əsgəri Marat Dimaksyan cavab atəşi ilə öldürülüb. Ermənistan tərəfi iki gün sonra hadisənin silahla ehtiyatsız davranış nəticəsində baş verdiyini açıqlayır. Lakin müxalif yönümlü erməni KİV-ləri və əsgərin etiraz edən yaxınları Müdafiə Nazirliyinin cavabını yalan adlandırıblar.

14 fevral saat 06:05 radələri. Xocavənd istiqamətində müqavilə əsasında Qarabağdakı erməni alayından birində xidmət edən Karlen Ovannesyan adlı erməni hərbçi atəşkəsin pozulmasına cavab olaraq öldürülüb.

23 fevral saat 13:50. Qazax rayonu istiqamətində, dövlət sərhədində atəşkəsi pozmuş Ermənistan Ordusu ilə döyüşdə düşmənin Albert Adibekyan adlı əsgəri Azərbaycan hərbçiləri tərəfindən öldürülüb.

25 fevral saat 02:30. Qazax istiqamətində, cəbhə xəttinə yaxın ərazidə neytral xətti keçmək istəyən erməni diversiya qrupuna qarşı qabaqlayıcı tədbirlər həyata keçirilib. Döyüşdə Ermənistan Ordusunda müqavilə əsasında xidmət keçən Arman Sedrakyan adlı hərbi qulluqçu qarnından yaralanıb. Geri çəkilən qrup yaralını döyüş meydanından çıxarmağı bacarıb.

29 fevral saat 09:30. Kəlbəcər rayonu istiqamətində, Murovdağdakı döyüş postlarından birində xidmət edən Tiqran Varyan adlı əsgər atəşkəsin pozulması nəticəsində öldürülüb. Hadisənin qarşı tərəfdən şahidi olmuş Azərbaycan hərbçilərinin sözlərinə görə, düşmən əsgəri yaralı halda postun qarşısındakı dərəyə yuvarlanıb. Günorta saatlarına qədər dərədən yaralı erməni əsgərinin səsi eşidilsə də, yoldaşları onu götürməyə cəhd etməyiblər. Qeyd olunan faktı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi “əsgərin silahla ehtiyatsız davranış nəticəsində, öz silahından açılan atəşlə” əlaqələndirib. Əsgərin valideynləri isə buna inanmadıqlarını və güllənin uzaq məsafədən atıldığını söyləyiblər.

3 mart. Qazax rayonu istiqamətində bir erməni əsgəri atəşkəsin pozulması nəticəsində yaralanıb. Yaralının ön postdan təcili yardım maşını vasitəsilə çıxarılması qeydə alınıb.

14 mart saat 06:25. Qazax rayonu ilə sərhəddə, Tavuş əyalətinin Çinari kəndi yaxınlığında kiçik serjant Sevay Aslikyan atəşkəsin pozulması zamanı açılan atəş nəticəsində ölüb.

19 mart saat 03:05. Tavuş əyalətinin Çinari kəndi yaxınlığında Azərbaycan mövqelərinə qarşı dirversiya hərəkətlərinə hazırlaşan Ermənistan Ordusunun Noyemberyandakı xüsusi təyinatlı taborun zabiti, mayor Artak Şahbazyan qarşı tərəfin qabaqlayıcı tədbirləri nəticəsində neytral zonada gülləyə tuş gələrək ölüb.

21 mart saat 23:00 radələri. Füzulinin Qazaxlar kəndi istiqamətində atəşkəsi pozmuş bir erməni hərbçisi öldürülüb. İtki barədə məlumat əldə olunsa da, ermənilər onun adını açıqlamayıblar.

31 mart, saat 04:00. Tavuş əyalətinin Çinari kəndi yaxınlığında Ermənistan Ordusunda müqavilə əsasında xidmət edən hərbi qulluqçular Xoren Sarıbekyan, Ovannes Vardanyan və baş leytenant Marat Qriqoryan ağır yaralanıb. Ermənistan Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətdən aprelin 7-dək gizlədilmiş faktı müxalif yönümlü KİV-lər açıqlayıb. Bundan sonra, Müdafiə Nazirliyi hərbçilərin neytral zonada minaya düşməsi barədə məlumat yayıb. Həmin bölgədə xidmət edən Azərbaycan hərbçiləri isə erməni diversiya qrupunun qarşısının neytral zolaqda 14.5 mm-lik “İstiqlal” snayperinin atəşi ilə alındığını açıqlayıblar. Böyük ehtimalla erməni hərbçilərin “İstiqlal” snayperindən açılmış atəş nəticəsində yaralandığı güman edilir. Düşmənə qarşı həmin döyüşdə qəlpələnən mərmilər tətbiq olunub.

9 aprel. Dağlıq Qarabağda müqavilə əsasında xidmət edən 2 erməni hərbçisi Murovdağda qar uçqununa düşüb. Hadisə ictimaiyyətdən aprelin 13-dək gizli saxlanılıb. Aprelin 13-dək aparılan axtarış-xilasetmə işləri nəticəsiz olub. Hər iki hərbçinin ölməsi və ya sağ qalması barədə məlumat yoxdur.

10 aprel. Gecə müxtəlif saatlarda Füzuli rayonu istiqamətində atəşkəsin pozulması ilə nəticələnmiş 5-25 dəqiqə intervalla qısamüddətli döyüşlər gedib. Düşmənin qərargahı Qaraxanbəyli kəndində yerləşən alayında xidmət edən bir əsgərinin ölməsi, bir əsgərin isə yüngül yaralanması radiotexniki vasitələrlə qeydə alınıb. Ermənilərin ön postu itki barədə mərkəzə məruzə eləyib və təcili yardım çağırışı edib. Lakin yaralı və ölmüş erməni əsgərlərin adları açıqlanmayıb.

18 aprel günorta saatları. Qazax rayonu istiqamətində (Ermənistanın Tavuş əyalətinin Çinari və Ayqezdor kəndləri istiqamətində) erməni təxribat qrupu zərərsizləşdirilib. Döyüş zamanı Ermənistan Ordusunun “Merqabner” hərbi hissəsinin əsgəri, 22 yaşlı Zorik Markaryan öldürülüb, 22 yaşlı Karen Movsesyan isə yaralanıb.

20 aprel saat 07:00. Xocavənd istiqamətində atəşkəsin pozan Ermənistan ordusuna qarşı həyata keçirilmiş tədbirlər nətiəcsində Aram Barseqyan adlı əsgər yaralanıb. Vəziyyəti ağır olan yaralı əsgər Əsgəran hospitalına yerləşdirilib.

Bununla yanaşı, Ermənistan Ordusunun rəhbərliyi Azərbaycanla sərhəddə yerləşən hərbi hissələrində xəstəliklərdən, neqativ hallardan xəsarət alan, dünyasını dəyişən hərbçilər barədə məlumatları ictimaiyyətdən gizlətməyə çalışıb. Aparılan müşahidələr zamanı bəlli olub ki, hətta bəzi məlumatlar yayıldıqdan bir neçə saat sonra internet saytlarından yığışdırılıb. Azərbaycan tərəfində olan məlumata görə, 2011-ci ilin son günlərində-dekabrın 30-da Xocavənddəki hərbi hissədə, ön mövqedə yoluxucu xəstəliyin yayılması nəticəsində bütöv bir manqa karantinə alınıb. Əsgərlərin bir qisminin həyatı xilas edilsə də əsgər Ayk Xaçaturyan və adı açıqlanmayan daha bir əsgər xəstəlikdən ölüb. Yoluxucu xəstəliklə əlaqədar Azərbaycan tərəfi də önləyici tədbirlər görüb. Ermənistan MN baş tibb xidmətinin rəisi Qarabağa gəlib.

Fevralın 20-də Qarabağdakı hərbi hissələrdən birində xidmət edərkən plevritə tutulmuş əsgər Narek Martirosyan Ermənistan Müdafiə Nazirliyinin mərkəzi klinikasında ölüb. Hansı ki, hadisə əsgərin yaxınları tərəfindən KİV-ə iki gün sonra açıqlanıb.

Aprelin 7-də Naxçıvanla sərhəddəki hərbi hissədə xidmət edən əsgər Ayk Kazaryan Sisyan hərbi hospitalında ölüb. Faktla bağlı xidmətə səhlənkar yanaşma maddəsi ilə cinayət işi qaldırılıb. Məlumatlara görə, əsgəri xidmət etdiyi manqanın serjantı soyuq, şaxtalı havada çöldə saxlayıb və nəticədə hadisə baş verib.

Qeyd edək ki, Ermənistanın “Ordu və reallıq” vətəndaş hərəkatının rəhbəri Şovinat Nazaryan da bu yaxınlarda yerli KİV-ə müsahibəsində Ermənistan hərbi rəhbərliyi tərəfindən hadisələrin ictimaiyyətdən gizlədildiyini bəyan edib. Onun sözlərinə görə, Müdafiə Nazirliyi və onun ekspertləri bu tip etirazlar edənləri “düşmənin dəyirmanına su tökməkdə” və “ordunu nüfuzdan salmaqda” ittiham edirlər: “Əslində onlar istəyirlər ki, insanlar ordudakı problemlər haqqında danışmasınlar, çünki onlara bu problemləri həll etmək sərfəli deyil… Orduda zorakılıq problemləri, psixoloji təzyiq, qeyri-qanuni münasibətlər, ölüm hadisələri var. Bütün bunların əsas səbəblərini biz korrupsiyada, həmçinin Sovet ordusundan qalmış mirasda, ordunu siyasətdə istifadə etmək arzusunda görürük”.

Ermənistan Müdafiə Nazirliyinin orduda ölüm hallarının azalması barədə səsləndirdiyi fikirlərlə razılaşmayan təşkilat rəhbərinin fikrincə, bu həqiqət deyil: “Bir halda ki, həftədə bir əsgərin ölümü haqqında xəbər eşidirsən, düşünmürəm ki, hadisələr azalır. Bu, yalnız müdafiə naziri üçün statistikadır, bizim üçün isə ailələrin faciəsi statistika deyil”.

KATEQORIYA:
Bu xəbəri paylaş