Azərbaycan Ordusunda İsrail silahları

Israil və Azərbaycan arasında imzalanmış 1,6 milyard ABŞ dolları dəyərində hərbi müqavilə günlər ötməsinə baxmayaraq hələ də dünya mətbuatında müzakirə olunmaqdadır. Müqavilə çərçivəsində İsrail Azərbaycana pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri və raket əleyhinə müdafiə sistemləri satacaq. “AzeriDefence”nin bildirdiyinə görə, İsrail Müdafiə Nazirliyi fevral ayında faktı təsdiqləsə də müqavilə barədə detallı məlumat verməyib.

Açıqlanan məlumatlara görə, 2011-ci ildə tərəflər arasında imzalanmış və dəyəri 1,6 milyard ABŞ dolları təşkil edən müqavilə çərçivəsində Azərbaycana 1 ədəd Barak-8 sistemi və 75 ədəd Barak-8 raketi, 1 ədəd EL/M-2080 Green Pine radarı, gəmilərə qarşı açıqlanmayan sayda Gabriel-5 qanadlı raketi, 5 ədəd Heron tipli, 5 ədəd Searcher tipli PUA satılıb.

Qeyd edək ki, Cənubi Qafqaz ölkələrindən Gürcüstan və Azərbaycan İsraillə sıx hərbi əlaqələrə malikdir. Hər iki ölkənin Quru Qoşunları və Hərbi Hava Qüvvələrində İsrail istehsalı olan müxtəlif adda hərbi texnikalar istifadə olunmaqdadır.

Məsələn, Gürcüstan quru qoşunlarında istifadə olunan artilleriya sistemləri arasında 160 mm-lik LAR-160 reaktiv atəş sistemi, “Wolf” hərbi nəqliyyat vasitəsi, Hermes-450, Orbiter və s. pilotsuz uçuş aparatları kimi İsrail istehsalı olan müxtəlif silahlar yer alır.

Azərbaycan Ordusu isə arsenalındakı İsrail istehsalı olan silah və hərbi texnikaları ilk dəfə ictimaiyyətə 2008-ci ildə Bakıda keçirilən paradda təqdim edib.

Sonuncu hərbi paradda göründüyü kimi, hazırda Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarında İsrail istehsalı olan “Orbiter-2M” və “Aerostar” tipli pilotsuz uçuş aparatları mövcuddur. Bu uçuş aparatlarının bir qismi əvvəlki illərdə İsraildən satın alınsa da, bir qismi Müdafiə Sənayesi Nazirliyinin İsrail Aviasiya Sənayesi şirkəti (İAİ) ilə birgə əməkdaşlığı çərçivəsində Bakıda istehsal edilir. Qeyd edək ki, dünyanın bir çox ölkələrində silahlanmaya qəbul edilmiş bu pilotsuz aparatlar öz anoloqlarından dözümlülüyü və faydalı işinə görə öndə dayanır.

Quru Qoşunlarının arsenalı isə daha zəngindir. Quru Qoşunlarının texnika parkına İsrail istehsalı olan AIL Storm (“Sufa”) nəqliyyat vasitəsi ilə yanaşı, 160 mm-lik Lynx LAR və Lynx Extra raket sistemləri, 155 mm-lik “Atmos-2000”, “Semser” haubitsası, 120 mm-lik “Cardom” minaatanı, İMİ Shipon və Spike tank əleyhinə raketlər daxildir.

Quru Qoşunlarının və silahlı qüvvələrinin xüsusi təyinatlı qüvvələrinin silahlanmasında da İsrail istehsalı olan bəzi atıcı silahlar yer alır. Ötən il keçirilən paradda keçid edən hərbi bölmələrdə UZİ markalı tapança-pulemyot, Tavor TAR-21 və Tavor MTAR-21 kimi avtomat tüfənglər diqqəti cəlb edib.

KATEQORIYA:
Bu xəbəri paylaş