Azərbaycan Prezidenti MSN-in təcrübə-sınaq zavodunun açılışında iştirak edib

Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin (MSN) təcrübə-sınaq zavodunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.

Açılışdan sonra dövlət başçısı müəssisənin inzibati binasının tədris otağında yaradılmış şəraitlə tanış olub. Müdafiə sənayesi naziri Yavər Camalov bildirib ki, 2012-ci ildən etibarən Nazirliyin sifarişi ilə Azərbaycan Texniki Universitetində xüsusi texnika və texnologiya fakültəsi yaradılıb. Yetmiş dörd tələbənin təhsil aldığı fakültədə silah və silah sistemləri, optik texnika, priotexnika vasitələrinin istehsalı, kompozisiya materiallarının, müdafiə təyinatlı məmulatların hazırlanması texnologiyaları, çoxkanallı trapasfer rabitə cihazlarının istismar və təmiri ixtisasları tədris olunur.

Müəssisə ilə tanışlıq zamanı bildirilib ki, zavod 1990-cı ildə Bakı Aviasiya İstehsalat Birliyinin “Klimat” Konstruktor Bürosu kimi fəaliyyətə başlayıb. Sovet İttifaqının süqutundan sonra müəssisənin fəaliyyəti məhdudlaşıb. Zavodun yenidən qurulmasında əsas məqsəd atıcı silahların, o cümlədən avtomatların, pulemyotların, snayper tüfənglərinin yaradılması, modernləşdirilməsi və kütləvi istehsalın təşkili istiqamətində elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin aparılması, xüsusi standartlara uyğun sınaq metodikaları və proqramlarının tələblərinə cavab verən nümunələrin hazırlanmasından ibarətdir.

Konstruktor Bürosunun fəaliyyəti ilə tanış olan dövlət başçısına bildirilib ki, MSN yaradıldıqdan sonra büronun işi təkmilləşdirilib. Bənzəri olmayan ilk milli “İstiqlal” snayper tüfənginin yaradılması başa çatdırılıb və istehsalı təmin edilib. Hazırda burada “İstiqlal-2”, “İstiqlal-4”, “İstiqlal-1T”, “Şimşək-9” və digər müdafiə təyinatlı silahlar sınaqdan keçirilir. Burada proqramla idarə olunan 3 və 4 koordinatlı frez və torna emal mərkəzləri, universal frez, lazer həkketmə və lazer erroziya dəzgahları qurulub.

Prezident İlham Əliyev müəssisədə layihələndirilən və hazırlanan müşahidə cihazları, zirehli texnika və atıcı silahlara baxıb. Məlumat verilib ki, zavodda hazırlanan xüsusi təyinatlı “Gürzə” patrul maşını 2,5 ton yükgötürmə qabiliyyətinə malikdir. Ən son yeniliklərlə təchiz olunan bu maşın “Toyota HİLOYX 12” modelinin bazasında yaradılıb.
Dövlət başçısına həmçinin məlumat verilib ki, 2012-ci ildə 437 adda müdafiə təyinatlı məmulatın istehsalı üzrə müqavilə bağlanıb. Bu ilin nəticələrinə görə, istehsal olunan və sifarişçilərə təhvil veriləcək müdafiə təyinatlı məmulatın həcmi 2007-ci illə müqayisədə 25 dəfədən artıq olacaq. Nazirliyin tabeli müəssisələrində istehsalı mənimsənilən müdafiə təyinatlı məmulatın çeşidinin sayı isə 700-ə çatdırılıb.

Prezident İlham Əliyev zavodda yaradılmış şəraitdən razılığını bildirərək müvafiq tövsiyə və tapşırıqlarını verib.

KATEQORIYA:
Bu xəbəri paylaş