Azərbaycan prezidenti XDMX-nin hərbi şəhərciyində olub

Azərbaycan prezidenti İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) hərbi şəhərciyində aparılan tikinti və yenidənqurma işləri ilə tanış olub. Bu barədə “AzeriDefence” prezidentin rəsmi saytına istinadən məlumat verib.

Dövlət başçısı burada Xidmətin idman kompleksinin açılışında iştirak edib, XDMX-nin Situasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov dövlət başçısına son illər hərbi şəhərcikdə həyata keçirilən tikinti və yenidənqurma işləri barədə məlumat verib. Qeyd olunub ki, hərbi şəhərciyin ərazisində kommunikasiya xətləri yenidən qurulub, ərazidəki köhnə tikililər sökülərək yeni binalar inşa edilib. Yeni tikilən beşmərtəbəli iki binada xidmətin əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb. Buradakı bütün idman qurğuları yenilənib.

V. Axundov bildirib ki, 8 min kvadratmetr ərazisi olan kompleksdə idmanın bütün növləri ilə məşğul olmaq üçün hər cür şərait var.

Prezident XDMX əməkdaşlarının istifadəsində olan xüsusi geyim formalarına və ləvazimatlarına baxıb. Qeyd olunub ki, bu avadanlıqlar vasitəsilə sualtı mühafizə tədbirlərinin təşkili yüksək səviyyədə həyata keçirilir. Müxtəlif növ dalğıc kostyumları, hidrokostyum, sualtı xüsusi avtomat, fənər və kompyüter saatı, həmçinin nəfəs tənzimləyici, məsafəölçən, siqnal gücləndirici, sualtı video çəkiliş aparatı, sualtı minaaxtaran və digər avadanlıqlar əməkdaşlara xidməti lazımi formada həyata keçirməyə imkan verir. KOmpleksdə müasir avadanlıqla təchiz olunan tibb məntəqəsi də fəaliyyət göstərir.

Kompleksdə yaradılan şəraitlə tanış olduqdan sonra prezident XDMX-nin şəxsi heyəti ilə görüşüb.

KATEQORIYA:
Bu xəbəri paylaş