Azərbaycan PUA-ları İndoneziyada nümayiş olunur – FOTO
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) İndoneziyada keçirilən “İndoDefence-2012” beynəlxalq müdafiə sərgisində ilk dəfə olaraq ölkədə istehsal edilmiş pilotsuz uçuş aparatlarının real ölçüdəki nümunələrini nümayişə çıxarıb.“AzeriDefence”nin məlumatına görə, Rusiyanın Dünya Silah Ticarətinin Analizi Mərkəzinin direktoru İqor Korotçenko öz internet-bloqunda adıçəkilən sərgidə təmsil olunan Azərbaycan MSN-in nümayiş etdirdiyi məhsullardan yazıb.
Azərbaycanın İsrail firması ilə birgə istehsal etdiyi “Orbiter-2M” tipli mini PUA-sı AZ-2М, “Aerostar” tipli Taktik PUA isə AZ-BP indeksi ilə təqdim olunub.
İ. Korotçenko Azərbaycan stendində 14,5 mm-lik snayper tüfənginin, minaatanların, RPQ-7 əl qumbaraatanın, döyüş sursatları və minaların, həmçinin zirehli avtomobillərin nümayiş olunduğunu bildirib.
İ. Korotçen yazıb: “Azərbaycan Dağlıq Qarabağ uğrunda müharibəyə hazırlaşır. Müdafiə Sənayesi Nazirliyinin ekspozisiyası ilə tanışlıqdan sonra məndə belə təəssüratlar yarandı”.
Qeyd edək ki, noyabrın 7-də start götürmüş “İndoDefence-2012” sərgisi sabah başa çatır. Müdafiə Sənayesi Nazirliyi sərgidə 125 adda müdafiə təyinatlı məmulat nümayiş etdirir.