Azərbaycan əsgərini yerli zireh qoruyacaq – EKSKLÜZİV

Azərbaycan Silahlı Qüvvələri yerli istehsal olan yeni zirehli gödəkcələrlə təmin olunmağa başlayır. Bu barədə “AzeriDefence” eksklüziv olaraq zirehli gödəkcələrin istehsalçısı olan “Radioquraşdırma” zavodundan məlumat əldə edib.

İordaniyanın “NP Aerospace Jordan” şirkətinin CPV-830 Ballistic Tactical Vest (Balistik Taktik Jilet) sinfinə malik olan bu zirehli gödəkcələr adlçəkilən firmanın lisenziyası və sektorunda dünyanın aparıcı şirkəti olan İngiltərənin “NP Aerospace” şirkətinin standartları əsasında istehsal olunur. Güllədən müdafiəsi NIJ Level IIIA standartına uyğun olan bu gödəkcələrdə qoruyucu qat kimi keramik lövhələr tətbiq edilir. Yerli istehsal olan zirehli gödəkcələr hazırda Azərbaycan Ordusunun istifadəsindəki, Ukrayna istehsalı olan “Korsar M3” tipli gödəkcələrdən həm balistik müdafiə imkanlarına, həm də rahatlığına görə üstündür.

“Korsar M3”lərdən fərqli olaraq, yeni gödəkcələr əsgərlərin hərəkət-manevr imkanlarını məhdudlaşdırmır. Bu baxımdan da yerli zirehlər dağlıq ərazilərdə xidmət edən əsgərlər üçün münasib sayılır.

Brutto çəkisi 3.380 kq təşkil edən gödəkcələr rütubətə qarşı qorumalı, balistik neylon materialla üzlənib. Gödəkcəyə tələb duyulduğu təqdirdə yenə ballistik lövhələr əlavə etmək olur.

Manevr imkanlarını artırmaq üçün zirehli gödəkcə dörd nöqtədə tənzimlənir. Jiletin üzərində silah daraqları, bıçaq və radiostansiya yerləşdirmək üçün ciblikləri var.

Məlumat üçün bildirək ki, gödəkcələrin istehsalında istifadə olunan keramik piltələr İordaniyadan gətirilir. “Radioquraşdırma” zavodu ilə “NP Aerospace Jordan” şirkəti arasında ötən ilin yayında imzalanmış müqaviləyə əsasən İordaniya şirkəti Azərbaycanda zirehli gödəkçələrin istehsalı üçün “Radioquraşdırma” zavoduna 12 min ədəd keramik plitə, dəbilqə istehsalı üçünsə 15 min ədəd kompozit material göndərməlidir.

KATEQORIYA:
Bu xəbəri paylaş