Azərbaycan Silahlı Qüvvələrinin adyunkturasına 14 zabit qəbul edilib

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nəzdində Silahlı Qüvvələrin adyunkturası yaradılıb. “AzeriDefence”nin xəbərinə görə, bunu “Azərbaycan Ordusu” qəzetinə müsahibəsində Hərbi Akademiyanın rəisi, general-leytenant Heydər Piriyev bildirib.

Generalın sözlərinə görə, gələcəkdə zərurət yaranarsa, adyunktatların hazırlanması hərbi-elmi təşkilarların və ali təhsil müəssisələrinin istiqamətinə uyğun olaraq onlara təhkim oluna bilər.

H. Piriyev qeyd edib ki, fəlsəfə doktoru proqramı üzrə adyunkturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə adyunkturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2014-cü ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunkturasına qəbul planı təsdiqlənib. Plana əsasən fəlsəfə doktorluğu hazırlığı üzrə 16 nəfər, elmlər doktorluğu hazırlığı üzrə isə 4 nəfərin qəbulu nəzərdə tutulub. 2014-cü ilin sonunda adyunkturaya qəbul keçirilib və çoxsaylı namizədlərdən 14 zabit və bir nəfər dövlət qulluqçusu qəbul olunub. Qəbul olunanların əksər hissəsi xüsusi təyinatlı ali hərbi təhsil müəssisələrində xidmət edən zabitlərdir.

General-leytenant H. Piriyev may ayında Bakıda “Hərb elminin inkişaf perspektivləri” mövzusunda elmi-prakktik konfransın keçirilməsinin planlaşdırıldığını qeyd edib.

KATEQORIYA:
Bu xəbəri paylaş