Azərbaycan Silahlı Qüvvələrinin baş cərrahı: “Mina partlayışından ağır yaralanan hərbçilərin heç birinin həyatı üçün təhlükə yoxdur”

Aprelin 7-də cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində ağır yaralanan hərbçilərin vəziyyətləri stabildir, xəsarət alanların heç birinin həyatı üçün təhlükə yoxdur. “AzeriDefence”nin məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti Azərbaycan Silahlı Qüvvələrinin baş cərrahı, polkovnik Famil Babayevin açıqlamasını yayıb.

F. Babayev bildirib ki, hadisədən sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə Silahlı Qüvvələrin baş cərrahı və baş reanimotoloqu hadisə bölgəsinə yollanıblar. Yaralıların hamısına yerində baxış keçirilib. Xəsarət alanlar çox qısa müddətdə bölgədəki müalicə müəssisəsinə çatdırılıblar, hər birinə vaxtında müvafiq yardımlar göstərilib. Yaralılara daha ixtisaslaşdırılmış yardımın göstərilməsi məqsədilə onlar sanitar aviasiya vasitəsilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə olunub.

“Ümumiyyətlə qeyd etmək istərdim ki, yaralıların vəziyyətləri stabildir, xəsarət alanların heç birinin həyatı üçün təhlükə yoxdur. Onların müalicəsi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının həkimlərinin tam nəzarəti altındadır və adekvat gedir. Müalicə müddəti hələ tam bəlli deyil. Bunu əvvəlcədən planlaşdırmaq mümkün deyil. Bu, bir çox səbəblərdən asılıdır. Düşünürəm ki, yaxın 10 gündə müalicənin yekunları haqqında məlumat vermək mümkün olacaq”.

F. Babayevin sözlərinə görə, yüngül xəsarət alanlar yerində hərtərəfli müayinə olunub: “Ciddi zədələri olmadığından hər hansı bir dərin müayinəyə, yaxud Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicəyə ehtiyac yoxdur. Əsas diqqət çəkənlər isə hospitala gətirilib. Yaralılar sanitar helikopter vasitəsilə gətirilib. Helikopterdə yol boyu ixtisaslaşdırılmış cərrahiyə yardımı, ümumiyyətlə reanimasion tədbir görmək üçün bütün lazımi avadanlıq, dərman preparatları vardı. Uçuş müddətində hansısa bir hal baş verərsə dərhal onu aradan qaldırmaq üçün helikopter ən müasir avadanlıqla təchiz olunub. Xəstələrə psixoloji yardım da göstəriləcək. Təbii ki, bu önəmli məsələlərdən biridir və artıq o iş başlanıb. Birinci gündən onların psixoloji reabilitasiyası ilə məşğul olunur, məsələ tam nəzarət altındadır”.

KATEQORIYA:
Bu xəbəri paylaş