Azərbaycan sərhəd mühafizəsində yeni silah və texnikalar tətbiq edilir

General Elçin Quliyev: “Azərbaycanın sərhəd mühafizəsini təşkil etmək üçün yetərli qüvvəmiz var”
Horadiz Sərhəd Dəstəsinin xidməti ərazisində inşa olunmuş “1-ci Şahsevən” sərhəd komendantlığının açılışı olub. “AzeriDefence”nin məlumatına görə, bu münasibətlə təşkil olunmuş tədbirdə çıxış edən Horadiz Sərhəd Dəstəsinin komandiri, polkovnik-leytenant Zaur Zeynalov hərbi hissənin xidməti-döyüş fəaliyyəti barədə məlumat verib.

Cari ilin avqust ayında Horadiz Sərhəd Dəstəsində 5 sərhəd zastavası yenidən inşa olunaraq xidməti istifadəyə verildiyini deyən Z. Zeynalovun sözlərinə görə, hazırda sərhəd dəstəsi qarnizonunda 5 binadan ibarət 105 mənzilli yaşayış şəhərciyi və hərbi xəstəxana inşa olunur.

Hərbi hissə komandiri həmçinin qeyd edib ki, hazırda sərhəd dəstəsinin xidməti sahəsinin 132 km-lik hissəsi Ermənistanın işğalı altındadır. Bu ərazilərdən kriminal məqsədlər, beynəlxalq terrorçuluq, narkotik maddələrin qanunsuz dövriyyəsi və s. məqsədlər üçün istifadə olunur.

Çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev isə bildirib ki, Azərbaycan bütün istiqamətlərdə sərhədlərin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər həyata keçirir.

“Bu gün sərhəd mühafizəsində ən müasir texnologiyaların tətbiqi müasir təhdidlərə cavab verir. Ali Baş Komandanın diqqəti sayəsində DSX müasir döyüş helikopterləri, zirehli döyüş maşınları, silahlar ilə təchiz olunub və bu proses davam etməkdədir. Bu onu göstərir ki, yaxın vaxtlarda Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Azərbaycanın bayrağı dövlət sərhədlərimizdə dalğalanacaq”, – deyə general E. Quliyev vurğulayıb.

Mərasimin rəsmi hissəsindən sonra sərhəd komendantlığına baxış keçirilib. Bildirilib ki, ərazidə 2 mərtəbəli 200 yerlik əsgər yataqxanası, əsaslı təmir edilmiş qərargah binası, zabit və gizir heyəti üçün 2 mərtəbəli, 24 mənzilli yaşayış binası inşa edilib. Mənzillər mebel və məişət avadanlıqları ilə təmin olunub. Tədbirdə sərhəd komendantlığının inventarındakı silah və hərbi texnikalar da nümayiş olunub.

“Azərbaycan sərhəd mühafizəsində son illər böyük işlər görülür. Bura ən yeni silah və texnikaların tətbiqi, həmçinin sərhəd zastavalarının komendantlıqlarının və qarnizonların inşası daxildir”, – deyə DSX rəisi jurnalistlərin sualının cavabında bildirib

“Yeni silah və texnikaların tətbiqi bir tərəfdən xidməti döyüş fəaliyyətini gücləndirir, digər tərəfdən isə Azərbaycan ordusunun inkişafını göstərir. Biz dövlətimizin iqtisadi nailiyyətlərindən yararlanaraq sərhəd mühafizəsində üzərinə düşən addımları atırıq”.

General E. Quliyev həmçinin əlavə edib ki, Azərbaycan Xəzərin milli sektorunda sərhədlərin mühafizəsinin tam təşkili ilə bağlı zəruri işlər yekunlaşmaq üzrədir. Xəzər dənizinin Azərbaycan sektoru tam nəzarət altındadır.

“Bütün gəmilərlə, hətta təsərrüfat işləri ilə məşğul olan gəmilərlə zəruri işlər aparılır və onlar müvafiq şəkildə təlimatlandırılır. Əgər hansısa gəmi mənsub olduğu ölkənin hüdudlarını keçərsə, digər ölkənin sahil mühafizəsi tərəfindən saxlanılaraq müvafiq tədbirlərin görülməsi bir vəzifədir. Azərbaycanın sərhəd mühafizəsini təşkil etmək üçün yetərli qüvvəmiz var”.

DSX rəisi Azərbaycanın İranla dövlət sərhədində sərhəd pozmaların sayında əvvəlki illərlə müqayisədə azalma tendensiyasının müşahidə olunduğunu, sərhəd pozma hallarının minimallaşdırılması və bunun qarşısının alınması üçün mütəmadi olaraq İran tərəfi ilə görüşlər keçirildiyini vurğulayıb.

E. Quliyev deyib ki, bu gün ölkə prezidentinin tapşırığı altında DSX-də görülən işlər yaxın müddətdə Azərbaycanın düşmən işğalı altındakı sərhədlərini tam nəzarət altına götürmək şəraitini yaradacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş