Azərbaycan sərhədçiləri 2012-ci ili uğurla başa vurublar

Azərbaycan Dövlət Sərhəd Xidmətində (DSX) 2012-ci ilin yekunlarına dair hesabat müşavirəsi keçirilib. “AzeriDefence”nin məlumatına görə, müşavirədə çıxış edən DSX rəisi, general-leytenant Elçin Quliyev rəhbərlik etdiyi qurumun 2012-ci ildə xidməti-döyüş fəaliyyəti barədə məruzə ilə çıxış edib.

2012-ci ilin DSX üçün uğurlu keçdiyini qeyd edən general E. Quliyevin sözlərinə görə, bu il dövlət sərhədlərinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi, hərbi hissə və bölmələrin döyüşə hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından uğurlu olub. Bu dövrdə dövlət sərhədindən keçən şəxslər barədə məlumatların İAMAS sistemi ilə inteqrə olunmuş elektron bazası və real vaxt rejimində video görüntü imkanları genişləndirilib. Bütün sərhəd keçid məntəqələrində dövlət sərhədindən keçən şəxslər barədə məlumatlar mərkəzləşdirilib. DSX-nin xüsusi bölmələri üçün yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı, özəl müdafiə vasitələri alınıb. Bu il həmçinin DSX-nin 2 yeni hərbi hissəsi xidməti döyüş fəaliyyətinə başlayıb. DSX-nin peşəkar heyətlə komplektləşdirilməsi istiqamətində mühüm tədbirlər görülüb.

“Dövlət Sərhəd Xidməti üçün döyüş hazırlığı, dövlət sərhədlərinin mühafizəsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, müasir silah və texnika ilə təchizat baxımından 2012-ci il uğurlu olub”, -deyə DSX rəisi bildirib.

2012-ci il ərzində DSX-nin xüsusi tapşırıqlarının icrası üçün yeni silah və texnikaların ölkəyə gətirilərək yerləşdirilməsinin təmin olunduğunu deyən E. Quliyev Azərbaycan prezidenti tərəfindən Naxçıvan Sərhəd Dəstəsinin Culfa komendantlığına, Lənkəran dəstə qarnizonuna, Yevlaxda hərbi hissəyə baxış keçirildiyini xatırladıb.

DSX əməkdaşlarının sosial müdafiəsi sahəsində mühüm işlərin həyata keçirildiyini vurğulayan general bildirib ki, bu il 421 binadan ibarət 41 kompleksdə tikinti işləri aparılıb, zabitlərin mənzillə təminatı üçün 1226 mənzil inşa edilib.

Sərhəd pozucuları ilə mübarizə sahəsində görülən tədbirlər barədə məlumat verən E. Quliyev bildirib ki, 2012-ci il ərzində dövlət sərhədini pozduqlarına görə 615 nəfər, sərhəd rejimini pozduqlarına görə 12011 nəfər saxlanılıb. İl ərzində tutulan sərhəd pozucularının 25,1%-i Azərbaycandan müqabil ölkələrə keçərkən, 74,9%-i isə digər ölkələrdən Azərbaycana gələrkən saxlanılıblar. Həmçinin DSX əməkdaşları tərəfindən axtarışda olan 1896 nəfər tutulub, 4836 nəfərin ölkədən kənara çıxmasına icazə verilməyib.

Hesabat dövründə 250 kq 336 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb, 3 milyon 876 min manat dəyərində qaçaqmal aşkar edilib.

Bu il əməliyyat şəraitinin dəyişməsi ilə əlaqədar sərhəd dəstələri və sərhəd nəzarət məntəqələri 57 halda 177 gün dövlət sərhədinin gücləndirilmiş üsulla mühafizəinə keçirilib.

DSX rəisi daha sonra bildirib ki, bu il dövlət sərhədinin mühafizəsi çərçivəsində xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən 7 Azərbaycan, 2 xarici ölkə vətəndaşı saxlanılıb. O cümlədən xarici terrorçu qrupların tərkibində təlimlər keçmiş və döyüşlərdə iştirak edən 10 nəfər saxlanılıb. Bu müddətdə sərhəd naryadlarına qarşı sərhəd pozucuları tərəfindən 10 halda silah tətbiq edilib. Sərhəd naryadlarının təlimata uyğun həyata keçirdikləri tədbirlər nəticəsində 1 İran vətəndaşı yaralanıb, 1-i isə dünyası dəyişib.

General E. Quliyev bu il Xəzər dənizində müşahidə və aşkar etmə imkanlarının əhəmiyyətli dərəcədə artırıldığını da vurğulayıb. Azərbaycanın dəniz sərhədlərinin mühafizəsinin gücləndirilməsinə, neft yataqlarının mühafizəsində müvafiq vəzifələrin həyata keçirilməsinə xüsusi diqqət yetirildiyini deyən E. Quliyevin sözlərinə görə, DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri tərəfindən dövlət sərhədinin mühafizəsi Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin mərkəzi, cənub və şimal hissələrində – Çilov və Nargin adaları, Neft Daşları, Neftçala, Lənkəran və Astara istiqamətlərində təşkil edilib.

“Xəzər dənizinin vacib istiqamətlərində sərhəd gözətçi gəmiləri tərəfindən fasiləsiz xidmətin təşkil edilməsi və sərhəd sularında Azərbaycanın mənafelərinin qorunması sahəsində önəmli nailiyyətlər əldə olunub”, – deyə general əlavə edib.

DSX rəisi cari ilin aprel ayında Sahil Mühafizəsinin bütün üzmə vasitələri cəlb olunmaqla 9 mövzudan ibarət 3 mərhələdə keçirilmiş genişmiqyaslı taktiki təlimlərdə yüksək döyüş hazırlığı nümayiş etdirildiyini vurğulayıb.

Hesabat dövründə sərhəd rejiminə nəzarət məqsədi ilə Azərbaycana məxsus 80, Rusiyaya məxsus 18, İrana məxsus 3, Türkmənistana məxsus 5 gəmiyə, Azərbaycana məxsus 539 kiçik həcmli motorlu qayığa baxış keçirilib. Azərbaycana məxsus 18, Rusiyaya məxsus 5, İrana məxsus 1 gəmi və Azərbaycana məxsus 250 qayıq barəsində zəruri tədbirlər görülüb. Dəniz sərhədçiləri bu il 3 halda dənizdə xilasetmə fəaliyyəti həyata keçirib, 11 nəfər xilas olunub.

E. Quliyev bu il Azərbaycan dövlət sərhədlərinin mühafizəsinə təsir göstərən amillərdən də danışıb. Xidmət rəisi buraya ölkə ərazilərinin bir hissəsinin işğal altında olmasını, bu yöndə İranla sərhədin mühafizəsiz qalmasını, Ermənistanla dövlət sərhədində döyüş şəraitinin mövcudluğunu, müqabil ölkənin xüsusi xidmət orqanlarının kəşfiyyat pozuculuq fəaliyyətini, ölkə ərazisindən tranzit olaraq istifadə olunmasını, müəyyən separatçı qüvvələrin respublikaya qarşı fəaliyyətlərini və s. aid edib.

Tədbirin sonunda xidmətdə fərqlənən DSX-nin bir qrup zabit və giziri təltif olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş