Azərbaycan sərhədçiləri İrandan narkotik vasitə gətirən silahlı şəxsi saxlayıblar

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Horadiz sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

İyunun 4-də Beyləqan rayonu 1-ci Şahsevən kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran ərazisində mövqe tutmuş silahlı qrupun müşahidəsi altında İrandan Azərbaycana keçərkən sərhəd naryadına silahlı müqavimət göstərməyə cəhd etmiş İran vətəndaşı, Parsabad şəhər sakini, 1983-cü il təvəllüdlü Hüseyni Hüseyn Mircəlil oğlu saxlanılıb. Sərhəd pozucusunun üzərindən “Maqnum-200” markalı tapança və 1 kiloqram 580 qram həşiş qətranı aşkar olunub.

Faktla bağlı DSX İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitə əldə etmə, daşıma, saxlama və ya satma) və 318.2 (dövlət sərhədinin pozulması) maddələri ilə cinayət işi başlanılıb.

H.M.Hüseyni təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Cinayətin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyat-istintaq tədbirləri davam etdirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş