Azərbaycan sərhədçiləri “Qələbə Estafeti”ni qəbul etdilər

Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş beynəlxalq “Qələbə Estafeti”nin Türkmənistan nümayəndə heyətindən qəbulu ilə əlaqədar mayın 20-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun məzarının önündə tədbir keçirilib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Tədbirdə Böyük Vətən Müharibəsinin veteranları, sərhədçi veteranlar və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Azad Ələkbərov veteranları bayram münasibətilə təbrik edib, faşizm üzərində qələbədən 70 il keçsə də bu hadisənin tarixin yaddaşından heç zaman silinməyəcəyini bildirib. General MDB məkanında keçirilən “Qələbə Estafeti”nin müstəqil respublikalar arasında dostluq və qardaşlıq ənənələrinin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb.

Tədbirdə çıxış edən veteranlar müharibədə göstərdikləri qəhrəmanlıq və şücaətlərdən, hazırda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında fəal iştirak etmələrindən danışıblar.

Tədbirin sonunda Qələbə Estafetinin rəmzi təntənəli şəkildə Türkmənistan nümayəndə heyətindən qəbul olunaraq xüsusi hazırlanmış avtomobildə Dövlət Sərhəd Xidməti Aparatına yola salınıb.

Mayın 22-də Azərbaycan-Rusiya dövlət sərhədində “Qələbə Estafeti” Rusiya Federasiyasının nümayəndə heyətinə təhvil veriləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş