Azərbaycan üçün xüsusi səhra hospitalları

Ordumuzda yenilikMobil hospitallarının dizaynı və istehsalı sahəsində ixtisaslaşmış Turmaks şirkəti iyun ayında Azərbaycan Silahlı Qüvvələrinə iki səhra hospitalının çatdırılmasını tamamladı. İyunun 25-də dövlət başçısına təqdimatı keçirilən bu hospitallar istənilən əməliyyat ərazisinə daşına və qısa müddətdə qurularaq işlək vəziyyətə gətirilə bilir.
On ildir mobil hospitalların və açılıb-yığılan konteynerlərin istehsalı sahəsində fəaliyyət göstərdiyini deyən Turmaks şirkətinin sədr müavini İlkər Hunərin sözlərinə görə, onların təqdim etdiyi hospitalların özəlliyi konteynerlərdir: “Konteynerlər işlərimizin təməl hissəsindədir. Hazırda dünyada bu işlə məşğul olan 3-4 firma var. Açılıb-yığılan konteynerlərdə öz dizaynımız mövcuddur, daha doğrusu, biz burada nou-hau yaratmışıq. Çadırları hər yerdən əldə etmək mümkündür. Konteyner isə obrazlı şəkildə desək bu işin qəlbidir. Turmaks olaraq biz konteynerlər sahəsində xüsusi araşdırmalar aparırıq. Örnək olaraq deyə bilərəm ki, BMT-yə verdiyimiz konteynerlər ilə Azərbaycana verdiyimiz konteynerlər arasında çox fərq var. Sonuncular daha təkmilləşdirilib.
Şirkət nümayəndəsi konteyner istehsalından sonra əsas işin sistemin inteqrasiyası olduğunu deyib: “Bir yerdən çadırın, digər yerdən konteynerin alınıb bir yerə yığılması ilə iş bitmiş hesab olunmur. Bunun içindəki avadanlıqlar da var. Sistem inteqrasiyası konteyner, çadır, içindəki medikal avadanlıqların, eləcə də generatorun, kondisionerin hamısının sistemləşdirilməsi və bir araya gətirilməsidir. Bildirmək istəyirəm ki, bizim istehsal etdiyimiz konteynerlər tək hospital kimi deyil, uzaq dağlıq və çöllük ərazilərə helikopterlərlə götürülüb müvəqqəti yaşama yeri, komanda-qərargah mərkəzi və s. kimi də istifadə oluna bilər”.

İ. Hunərin sözlərinə görə, Azərbaycan Müdafiə Nazirliyi ilə görüşmələrə 3 il yarım əvvəl başlanıb. Türkiyənin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Bakıda təqdimat keçirilib, eyni zamanda Azərbaycan tərəfi Türkiyədə şirkətin istehsal prosesi ilə tanış olub. Bundan sonra Azərbaycan tərəfinin istəyi nəzərə alınmaqla yeni modelin dizaynı hazırlanıb. İl yarım davam edən müzakirələrin nəticəsində tərəflər arasında 2 ədəd mobil səhra hospitalının alğı-satqısına dair 13 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb. Müqavilə çərçivəsində iki hospitalın 10 ay içində sifarişçiyə çatdırılması nəzərdə tutulsa da, Turmaks işləri 6 ay ərzində həyata keçirərək iyun ayının birinci yarısında müqaviləni yerinə yetirib. Həmçinin bu hospitalları istifadə edəcək heyətə təlimlər verilib.

Şirkət rəsmisi Azərbaycan üçün istehsal olunan mobil hospitalların özəllikləri barədə də danışıb: “Bu konteynerlər özünü nəqliyyat vasitəsindən endirmə xüsusiyyətinə malikdir. Eləcə də genişliyi ilə fərqlənir. Dünyada ilk dəfə olaraq bir ədəd açılıb yığılan konteyner içərisində iki (bir hospitalda 4 ədəd) əməliyyat masası yerləşdirilib. Bu hospitalların hər birinin ayrıca qoşqu üzərində isitmə-soyutma sistemi, su təmizləmə, ayaqyolu, duş kabinəsi və s. mövcuddur. Bu qoşqular konteynerlərlə birlikdə daşınır. Yəni bir mobil hospitalı hər birinin 8 qoşqusu olan 8 maşın daşıyır. Konteynerlərdə həmçinin hava təmizləyici və iki elektrik generatoru var. Bu generatorlar sinxron çalışırlar. Əməliyyat zamanı iki generatorun sıradan çıxma ehtimalını nəzərə alaraq konteynerə səssiz işləyən kiçik bir generator da yerləşdirmişik. Qeyd etmək istəyirəm ki, konteynerə qablaşdırılması hospitalın istənilən əraziyə nəql olunaraq, hazır vəziyyətə gətirilməsini asanlaşdırır və bu çox az bir vaxta həyata keçirilir. Bizim konteynerlərin kənarlarında hidravlik ayaqları var. Müəyyənləşdirilmiş ərazidə konteynerin ayaqları açılır. Konteyner özünü qaldırdıqdan sonra nəqliyyat vasitəsi kənara çəkilir və konteyner özünü endirir. Yəni konteynerin endirilməsində krana gərək qalmır.

Konteyner endirildikdən sonra çadırlar qurulur. Çadırlarımız NATO standartlarına uyğun şəkildə ən son texnologiyalarla istehsal edilib və hündürlüyü 2.4 metrdir. Hər bir çadırın özünün kompressoru var və 7 dəqiqə ərzində şişərək hazır vəziyyətə gəlir. Xüsusi sistem sayəsində çadırların havasına avtomatik nəzarət olunur. Konteynerlərin özünü endirməsi isə 5-7 dəqiqə, açılması 70 saniyə çəkir. Hər bir konteyner 28-29 kvadratmetr sahə yer tutur. Bundan sonra içərisindəki avadanlıqların düzənlənməsi başlayır. Ümumilikdə hospital 1 saat içində ilk xəstələri qəbul edə, iki saat içində isə ilk əməliyyata başlaya bilər. Toplam olaraq iki hospitalın qurulub işə hazır vəziyyətə gətirilməsi 6-7 saat vaxt tələb edir. Çox ciddi əməliyyat tələbi varsa, əməliyyat çadırı 10-15 dəqiqəyə hazır edilə bilər”.

İ. Hunər bildirib ki, hər bir hospitalda 36 yataq, 8 ədəd reanimasiya yatağı, 12 ədəd müayinə masası və 4 əməliyyat masası mövcuddur. Ümumilikdə iki mobil hospitalın yataq sayı 120 çarpayıdır. Hospitalın içində çeşidləmə bölməsi, komanda-idarəetmə və rabitə bölməsi, diaqnostika bölməsi, əməliyyat bölməsi, reanimasiya və hospital bölmələri mövcuddur. Bir çadır kompleksinin tutduğu ərazi 2500 kvadratmetrdir. Azərbaycan üçün hospital dizayn olunarkən yerli şərait öyrənilib və nəzərə alınıb. Çadırların içərisində istifadə olunan ləvazimatlar da sifarişçi ilə razılaşdırılıb.
Hazırda Turmaksın analoji hospitallarına bölgə ölkələrindən böyük marağın olduğunu deyən İ. Hunərin sözlərinə görə, Qatar, Küveyt, Səudiyyə Ərəbistanında bir neçə belə layihələrə qatılıb. Şirkət Azərbaycanın Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə də görüşlər keçirməyi, Müdafiə Nazirliyi ilə yeni sifarişlər üzrə müzakirələrə başlamağı planlaşdırır.

AZERİ DEFENCE jurnalı №4 (06)

KATEQORIYA:
Bu xəbəri paylaş