Azərbaycan Ukrayna ilə bəzi hərbi layihələri təxirə sala bilər – EKSKLÜZİV

Azərbaycan Ermənistana gizli yolla silah satışından sonra Ukrayna ilə hərbi ticarət məsələlərinə yenidən baxacaq. Bu barədə “AzeriDefence.com” saytına eksklüziv olaraq hərbi-diplomatik mənbələrdən məlumat verilib.
Məlumatda qeyd olunub ki, məsələnin aydınlaşdırılması və müvafiq addımların atılması üçün Azərbaycan hökuməti Ukraynadakı səfir Eynulla Mədətli və hərbi attaşe, polkovnik Tofiq Qasımova müvafiq təlimatlar verilib.

“Azərbaycan Ukraynanın hərbi ticarətdə əsas tərəfdaşlarındandır. İndiyədək Ukrayna hökuməti bu sahədə əlaqələrə zərər gətirəcək addımlar atmayıb. Ermənistana satdığı silah və texnikalar barədə məlumatları açıqlayıb. Lakin son ticarətin gizli şəkildə həyata keçirilməsi rəsmi Bakı tərəfindən təəssüflə qarşılanır”, – deyə məlumatda bildirilib.

Azərbaycan tərəfi rəsmi Kiyevin məsələyə aydınlıq gətirməyəcəyi təqdirdə bu ölkə ilə nəzərdə tutulan bəzi layihələri təxirə sala biləcəyini istisna etməyib: “Bu gün Azərbaycanla hərbi-texniki sahədə əməkdaşlıq etmək istəyən, bu sahədə daha səmərəli təkliflərlə çıxış edən dövlətlər və şirkətlər var”.

Qeyd edək ki, bu günlərdə Azərbaycan tərəfi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Sergey Qımızanın Ermənistana reaktiv yaylım atəş sistemləri və portativ zenit-raket komplekslərinin satışına dair prezident Viktor Yanukoviçə yazdığı məktubu əldə edib. 15 oktyabr 2011-ci il tarixli, 222/3D/0102 saylı məktubda qeyd olunur ki, 17.09.2011 tarixində “Ukrspeseksport” Dövlət Müəssisəsi ilə Ermənistanın “DG Arms Corporation” şirkəti arasında “Smerç” reaktiv yaylım atəş sistemi (12 ədəd) və “İqla” tipli 50 ədəd portativ zenit-raket kompleksinin alğı-satqısına dair müqavilə imzalanıb. Ermənistan tərəfi sentyabrın 19-da sifariş üzrə ödənişin 50%-ni köçürüb. Kəşfiyyat Xidmətinin rəisi məktubunda sifarişin çatdırılması üçün MDB və Avropa Birliyi ölkələrində qeydə alınmış saxta firmalardan istifadə olunmasını təklif edib.

“AzeriDefence”nin BMT-nin Adi Silahlar Registrinin məlumatları əsasında apardığı analizə görə, Azərbaycan son 10 ildə (2001-2011) Ukraynadan 12 ədəd L-39, 16 ədəd MiG-29 (cəmi 28 ədəd döyüş təyyarəsi), 12 ədəd Mi-24 tipli döyüş helikopteri, 48 ədəd T-72 tankı, 2 ədəd BMP-1, 150 ədəd BTR-70, 3 ədəd BTR-3U, 4 ədəd BTS-5B (cəmi 157 ədəd), 16 ədəd 2 S3 “Akasiya”, 54 ədəd 2S1 “Qvozdika” (cəmi 70 ədəd) özüyeriyən haubitsa, 12 ədəd 9A52 “Smerç” reaktiv atəş sistemi, 85 ədəd PM-38, 55 ədəd D-30A, 72 ədəd tipi açıqlanmayan haubitsa, 3 ədəd “Toçka-U” raket buraxılış qurğusu, 64 ədəd R-27 raketi, 18 ədəd 9M36-1 “Strela” raketi, 10 ədəd 9P58M “Strela” buraxıcı qurğusu, 6 ədəd tank əleyhinə idarə olunan raket kompleksi, həmçinin 19 min ədəd avtomat tüfəng alıb.

KATEQORIYA:
Bu xəbəri paylaş