Azərbaycan və Xorvatiya Baş Qərargah rəisləri görüşüb

Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Bakıda rəsmi səfərdə olan Xorvatiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daraqo Lovriçi qəbul edib. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan və Xorvatiya Silahlı Qüvvələri Baş Qərargah rəislərinin iştirakı ilə keçirilmiş geniş tərkibdə görüşdə general-polkovnik N.Sadıkov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün tarixi, səbəbləri, müharibə nəticəsində ərazilərimizin işğal olunması faktını, doğma ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkün soydaşlarımızın mövcudluğu problemini qonaqların diqqətinə çatdırıb və zəbt olunan ərazilərin mütləq azad ediləcəyinə əminliyini vurğulayıb.

İki ölkə arasında hərbi, hərbi-texniki əməkdaşlıq və regional təhlükəsizlik məsələləri, o cümlədən Qaraheybət Təlim Mərkəzində mayın 5-dən başlamış Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə keçirilən səhra təlimi də müzakirə edilib.

Görüşdə Xorvatiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Neda Nilişiç də iştirak edib.

General D.Lovriçin Azərbaycana səfəri davam edir.

KATEQORIYA:
Bu xəbəri paylaş