Azərbaycan Xəzər sahilində 7 RLS quracaq

Azərbaycan kütləvi qırğın silahlarının (KQS) yayılmasının qarşısının alınması proqramına uyğun olaraq Xəzər sahili boyunca 7 radiolokasiya stansiyası quraşdıracaq.“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə ABŞ Dövlət Departamentinin 2011-ci ildə dünyada terrorçuluğa qarşı mübarizəyə dair hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, Azərbaycan bu barədə öz üzərinə öhdəlik olaraq götürüb. Bu stansiyalar Hərbi Dəniz Qüvvələri və Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi tərəfindən dənizdə kəşfiyyatın aparılması və qaçaqmalçılıqla mübarizə tədbirləri üçün istifadə olunacaq.

Hesabatda bildirilir ki, DSX Gəncə aeroportuna və sərhəd keçidlərində portal monitorlar qurub. Hansı ki, bu portallar keçidlərdə alınan məlumatları mərkəzi sistemə ötürür, nəzarət imkanlarını artırır.

Bundan başqa, Azərbaycan hökuməti potensial bioterrorizm təhlükəsinin qarşısını almaq məqsədilə tədqiqatlar aparmağa imkan verən mərkəzi laboratoriyanın modernləşdirilməsini başa çatdırıb.

Sənəddə Azərbaycanın terrorizmlə mübarizə sahəsində fəal mübarizə apardığı, quru və dəniz sərhədlərinin mühafizəsinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirdiyi xüsusi vurğulanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş