Azərbaycan Xəzərdə genişmiqyaslı hərbi təlimlərə başladı

Hərbi Dəniz Qüvvələrinin Hərbi Hava Qüvvələri ilə birgə irimiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təsdiq edilmiş əməliyyat hazırlığı planına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvәlərin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə noyabrın 13-dən Hərbi Dəniz Qüvvәləri tam heyətdə, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının hissə və bölmələrinin, həmçinin Fövqaladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin iştirakı ilə birgə əməliyyat-taktiki təlimləri başlayıb.

Təlimlərdə təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsinə 5000 nəfərdən artıq şəxsi heyət, 40-dək döyüş gəmi və katerləri, raket və artilleriya qoşunlarının 58 qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək döyüş təyyarə və helikopterləri, Hava Hücumundan Müdafiə Qoşunlarının bilavasitə, qruplaşmanın hava hücumundan müdafiəsının təşkili məqsədilə 50-dək müxtəlif vasitələri, o cümlədən xüsusi təyinatlı qüvvələr cəlb edilib.

Təlim 3 mərhələdə həyata keçiriləcəkdir.

Təlimlərin aktiv fazasında cəlb olunan bütün növ vasitələrdən döyüş atışları icra olunacaq.

Təlimlər noyabrın 17-dək davam edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş