Azərbaycanın ilk telekommunikasiya peyki sığortalandı

“Azərspace-1”telekkommunikasiya peykinin orbitə çıxarılması və orbitdə bir illik istismar dövrü üçün Böyük Britaniyanın “Marsh” sığorta brokeri vasitəsi ilə sığorta müqaviləsi imzalanıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Azərkosmos” ASC-nin mətbuat xidməti məlumat yayıb.

“Marsh” sığorta brokerinin iştirakı ilə 1999-cu ildən bu günədək kosmik sığorta bazarında qeydə alınan ən aşağı və əlverişli sığorta tarifinin əldə edilməsinə nail olunub. Bunun əsas səbəbi Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə əlaqədar aparılan uzunmüddətli araşdırma və danışıqlar nəticəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən uğurlu peyk və buraxılış vasitəsinin seçilməsi, peykin və raketdaşıyıcısının istehsalı üçün ABŞ-ın “Orbital Sciences” və Fransanın “Arianespce” kimi etibarlı şirkətlərlə əməkdaşlıq edilməsidir.

“Azərkosmos” ASC-nin insan ehtiyatları, texniki sahə üzrə mütəxəssislərin mütəmadi olaraq xarici ixtisasartırma kurs və təlimlərində iştirakının təmin edilməsi, o cümlədən xarici ölkələrin təcrübəsindən məqsədyönlü və səmərəli şəkildə istifadə kimi bir sıra digər amillər də əlverişli sığorta tarifinin əldə edilməsinə müsbət təsir göstərib.

“Azərspace-1” telekommunikasiya peykinin orbitə çıxarılması və peykin orbitdə bir illik istismar dövrünü əhatə edən sığorta müqaviləsinə əsasən, baş verə biləcək bütün qəza hallarında “Azərkosmos” ASC sığorta ödənişləri hesabına “Azərspace-1” layihəsini davam etdirmək imkanına sahib olacaq.

“Azərspace-1” telekommunikasiya peykinin 2012-ci ilin sonunda, 2013-cü ilin əvvəlində Cənubi Amerikada Fransa Qvianasında yerləşən Kuru kosmodromundan geostasionar orbitə çıxarılması planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş