Azərbaycanın kosmos əsri başladı

“Azerspace-1” orbitə çıxarıldıAzərbaycanın ilk milli süni telekommunikasiya peyki “Azerspace-1” geostasionar orbitə çıxarılıb. “AzeriDefence”nin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, “Azerspace-1” peyki fevralın 8-də Bakı vaxtı ilə saat 01:36 radələrində Cənubi Amerikada yerləşən Fransa Qvianası Kosmik Mərkəzinin Kuru Kosmodromundan Fransanın Arianespace şirkətinin “Ariane 5” raket daşıyıcısı vasitəsilə qaldırılıb və uğurla geostasionar orbitə çıxarılıb.

Təyin olunan vaxtda – startdan 34 dəqiqə sonra kosmik aparat raketin gövdəsindən ayrılıb.

Çəkisi təxminən 3 200 kiloqram təşkil edən “Azerspace-1” Malayziyanın Measat Satellite Systems şirkəti tərəfindən istifadə olunan və Azərkosmos ASC-yə icarəyə verilən 46° Şərq uzunluq dairəsində geostasionar orbitə çıxarılıb.

Azərbaycanın ilk telekommunikasiya peyki ABŞ-ın Orbital Sciences Corporation şirkəti tərəfindən işlənib hazırlanan STAR-2 platforma əsasında hazırlanıb. Peykin istismar müddəti 15 il təşkil edir.

Aparat Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri, Yaxın Şərq regionuna yüksək keyfiyyətli yayım xidməti göstərəcək.

“Azerspace-1” peykinin orbitə buraxılması ilə Naxçıvan MR-in ərazisi də daxil olmaqla Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radio yayımı, o cümlədən sürətli IP xidmətlərin göstərilməsi təmin olunacaq, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək, məsafədən təhsil və elektron səhiyyə kimi digər proqramlar üçün platforma yaradılacaq, yerüstü fiber-optik şəbəkənin zədələndiyi hallarda rabitə problemlərinin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu olacaq, habelə rabitənin təhlükəsizliyi təmin ediləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş