Azərbaycanın müdafiə naziri Bəhreyndə görüşlər keçirib

Bəhreyn Krallığında rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Bəhreyn Müdafiə Qüvvələri Qərargahında Müdafiə Qüvvələrinin Baş komandanı, feldmarşal Şeyx Xəlifə bin Əhməd Əl Xəlifə tərəfindən qarşılanma mərasimi keçirilib.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Geniş tərkibdə keçirilən görüşdə ölkələr arasında dostluq və hərbi əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə edilərək mövcud əlaqələr və ümumi maraq doğuran məsələlər müzakirə olunub.

Görüşdən sonra birgə hərbi əməkdaşlığın fəallaşdırılması və genişləndirilməsini nəzərdə tutan ikitərəfli əməkdaşlıq planı imzalanıb.

Sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti Bəhreyn Kral Hərbi Hava Qüvvələri və Bəhreyn Kral Hərbi Dəniz Qüvvələri Komandanlıqlarında olaraq hərbi hava və hərbi dəniz bazalarını, o cümlədən hərbi tibb müəssisələrini ziyarət edib.

Bu gün müdafiə naziri Z. Həsənovu Bəhreyn kralı Şeyx Həməd bin İsa Əl Xəlifə qəbul edib. Qəbul zamanı Z. Həsənov səmimi qəbul üçün krala minnətdarlığını bildirərək Azərbaycan prezidenti İlham Əliyevin salamını çatdırıb. Öz növbəsində müdafiə nazirini salamlayan kral prezident İlham Əliyevə və Azərbaycan xalqına salamlarını çatdırmağı xahiş edib, ölkəmizə təkamül və inkişaf diləyib.

Şeyx Həməd bin İsa Əl Xəlifə öz növbəsində bu cür səfərlərin ikitərəfli əməkdaşlığın möhkəmlənməsi, eləcə də xalqlar və ölkələr arasında müxtəlif istiqamətlərdə təcrübə mübadiləsi üçün faydalı olduğunu vurğulayıb. Kral bütün səviyyələrdə, xüsusilə də hərbi və müdafiə sahələrində münasibətlərin genişləndirilməsinin tərəfdarı olduğunu qeyd edib.

Görüşdə regional və beynəlxal məsələlərə dair fikir mübadiləsi aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş