Azərbaycanın müdafiə naziri Bolqarıstanda – FOTO

Bu gün Sofiyada Azəörbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ilə Bolqarıstanın müdafiə naziri Anyu Angelovun görüşü olub. Bu barədə “AzeriDefence” Bolqarıstanın Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Görüşdə nazir A. Angelov iki ölkə arasında siyasi dialoqun dinamik inkişaf etdiyini bildirib. Azərbaycanın Bolqarıstanın vacib iqtisadi tərəfdaşı olduğunu deyən nazir Angelov bu münasibətlərin müdafiə sektorunda ikitərəfli əməkdaşlığın dərinləşməsi üçün əlavə imkanlar yaratdığını vurğulayıb. O, hər iki ölkənin hərbi təhsil və hərbi-texniki sahədə intensiv əməkdaşlıq etdiyini bildirib.

Bolqarıstan və Azərbaycan arasında əməkdaşlığı yüksək qiymətləndirən nazir S. Əbiyev isə bu il iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasının 20 illiyinin tamam olduğunu vurğulayıb. S. Əbiyev bolqarıstanlı həmkarını Azərbaycana səfərə dəvət edib.

Görüşdə Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov və Bolqarıstan tərəfdən bu ölkənin Silahlı Qüvvələrinin yüksək vəzifəli şəxsləri iştirak edib.

Səfər çərçivəsində S. Əbiyev naməlum əsgər abidəsi ziyarət edib. Sabah isə Azərbaycanın müdafiə naziri Plovdiv şəhərində “Hemus 2012” müdafiə sərgisinə baş çəkəcək.

Qeyd edək ki, Azərbaycanın müdafiə nazirini bu gün həmçinin Bolqarıstanın prezidenti də qəbul edib.

KATEQORIYA:
Bu xəbəri paylaş