Azərbaycanın müdafiə naziri: “Heç bir ölkə ərazimizdən İrana qarşı istifadə edə bilməz”

Müdafiə naziri Azərbaycanın İranla bağlı mövqeyini Tehranda açıqladıAzərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev İran müdafiə naziri ilə keçirdiyi görüşdə və görüşün nəticələrinə dair keçirilən mətbuat konfransında bölgədə baş verən proseslərə rəsmi Bakının münasibətini açıqlayıb. “AzeriDefence”nin məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyin saytında general-polkovnik S. Əbiyevin çıxışları yerləşdirilib.

Tehranda keçirilmiş mətbuat konfransında nazir S. Əbiyev bildirib ki, bu gün bir milyondan artıq qaçqının, təcavüzkar tərəfindən dağıdılan kəndlərin, qəsəbə və şəhərlərin, maddi, mədəniyyət və mənəvi abidələrin taleyi bu gün ikili standartların girovuna çevrilib: “Bu cür halda artıq biz məcburuq ki, Silahlı Qüvvələrimizi möhkəmləndirərək torpaqlarımızı işğaldan azad edək. Bunun yolları bizim üçün aydındır. Fürsətdən istifadə edib bəzi məsələlərə də münasibətimi bildirmək istəyirəm. Mediyada da bu məqamlara toxunulur. Bilirsiniz ki, Azərbaycanın 20 faiz torpağı işğal altındadır. Biz öz ordumuzu ona görə gücləndiririk ki, sülhün tükəndiyi zaman işğalçı ilə onun öz dilində danışa bilək”.

Nazir qeyd edib ki, Azərbaycanın bəzi beynəlxalq təşkilatlar və ölkələrlə əməkdaşlığı beynəlxalq qanunlara söykənir və heç bir digər ölkənin əleyhinə yönəlmir.

“Bu mənada da heç bir ölkə Azərbaycanı İrana qarşı çevirə bilməz və bizim ərazimizdən İrana qarşı istifadə edə bilməz. Bu, Azərbaycanın birmənalı mövqeyidir”, – deyə müdafiə naziri vurğulayıb.

“Bu mövqe cari ilin 7 mart tarixində Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin Naxçıvanda keçirilən üçtərəfli görüşündə qəbul edilmiş Bəyanatda bir daha əksini tapıb. Tərəflər öz ərazilərinin düşmənçiliyə gətirib çıxara bilən hər hansı bir təhdid və ya fəaliyyət üçün istifadə edilməsinə heç bir halda icazə verməyəcəkləri barədə qətiyyətli olduqlarını ifadə etmişlər”, – deyə nazir əlavə edib.

Müdafiə naziri terrorizm və narkotrafikə qarşı mübarizənin vacibliyini də vurğulayıb. S. Əbiyev bildirib ki, terrorizmə qarşı mübarizə hər bir ölkənin, o cümlədən Azərbaycan-İran arasında əməkdaşlıq məsələlərinin özəyini təşkil etməlidir. Bu mübarizəni dini, irqi, çərçivələr altına salmaq qətiyyən doğru deyil. İslami dəyərlər də terrorçuluğun tam əleyhinədir.

Rəsmi Bakının bölgədə sülhün, sabitliyin, əmin-amanlığın olmasını istədiyini deyən nazir S.Əbiyev bunun üçün region dövlətlərinin tam təhlükəsizliyinin qarşılıqlı bərabərlik prinsipi əsasında təmin olunmasını vacib sayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş