Azərbaycanın müdafiə naziri Litvanın baş naziri ilə görüşüb

Litvada səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov 1991-ci ildə keçmiş sovetlər birliyindən ayrılaraq Litvanın müstəqillik qazanması uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılan “Müstəqillik abidəsi”ni ziyarət edərək önünə əklil qoyub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, mərasimdən sonra general-polkovnik Zakir Həsənov Litvanın baş naziri Algirdas Butkeviçius ilə görüşüb.

Görüşdə hər iki ölkə arasında əlaqələrin bütün istiqamətlər üzrə müvəffəqiyyətlə inkişaf etdiyi vurğulanıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib.

İkitərəfli əməkdaşlıq sahəsində yaxşı təcrübənin mövcudluğunu qeyd edən müdafiə naziri qarşılıqlı əlaqələrin genişləndirilməsinin ölkələrimiz üçün faydalı olduğunu xüsusi vurğulayıb.

Müdafiə naziri çıxışında bildirib ki, ölkələrimiz arasında məsləhətləşmələrin aparılması və əməkdaşlığın genişləndirilməsi Avrasiya məkanında sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə əmindir.

Tərəflər beynəlxalq terrorizm, ekstremizmin bütün növləri, təcavüzkar separatizm və digər bu kimi beynəlxalq təhlükəsizlik və sabitliyə təhlükə törədən ümumi təhdidləri pisləyib və onlara qarşı mübarizədə beynəlxalq səylərin artırılmasının zəruriliyini xüsusi qeyd ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş