Azərbaycanın müdafiə naziri NATO-ya gedib

Мüdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanı və ABŞ-ın Avropadakı Qüvvələri Komandanı general Filip Bridlavın dəvəti ilə iyunun 2-də Belçika Krallığına rəsmi səfərə yola düşüb. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər zamanı keçiriləcək görüşlərdə NATO-Azərbaycan əlaqələri və əməkdaşlığın inkişafı perspektivləri müzakirə ediləcək.

Azərbaycan nümayəndə heyəti Belçikanın Mons şəhərində yerləşən NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığı Qərargahının fəaliyyəti ilə də tanış olacaq.

General-polkovnik Zakir Həsənov həmçinin NATO-nun baş katibi Anders Foqh Rasmussenin dəvəti ilə NATO-nun Brüssel şəhərindəki Mənzil-Qərargahında Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə Müdafiə nazirləri səviyyəsində iyunun 4-də keçiriləcək növbəti görüşdə iştirak edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş