Azərbaycanın müdafiə naziri Türkiyənin Hərbi Akademiyalar rəisi ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Hərbi Akademiyalar rəisi, ordu generalı Abdullah Rəcəbin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri qonağı salamlayaraq Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın daim yüksələn xətt üzrə inkişaf etdiyini, strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərin gündən-günə möhkəmləndiyini vurğulayıb.

Nazir Türkiyə Hərbi Akademiyalarında təhsil alacaq zabitlərin və mütəxəssislərin sayının artırılması, Azərbaycan hərbçilərinin müxtəlif kurslara ezam olunması məsələlərinin vacibliyini qeyd edib, belə tədbirlərin planlı, kompleks şəkildə həyata keçirlməsinə dair fikirlərini bölüşüb. Bu kimi tədbirlərin hər iki qardaş ölkə üçün səmərəli olduğunu vurğulayıb: “Biz indi gördüyümüz bu işlərlə gələcək uğurların təməlini qoyuruq. Əlaqələrimiz inkişaf etdikcə, inanıram ki, yaxın gələcəkdə indi atdığımız müsbət addımların bəhrəsini görəcəyik”.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Ordu generalı Abdullah Rəcəb ölkələrimiz arasında əlaqələrin qədim tarixi kökləri olduğunu, mehriban dostluq, qardaşlıq münasibətlərinə əsaslandığını bildirib. O, Türkiyə-Azərbaycan tərəfdaşlığının vacibliyini bir daha vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş