Azərbaycanın Müdafiə Nazirliyi Pentaqonla əlaqələrini bərpa edir

Azərbaycanın Müdafiə Nazirliyi ABŞ-la hərbi əlaqələri bərpa edir. Bu barədə “Azeri Defence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin məlumatında qeyd olunub ki, bir ilə yaxındır Azərbaycanın ABŞ ilə əlaqələrində soyuqluq müşahidə olunur: “ABŞ Dövlət Departamentinin ölkəmizə qarşı münasibətdə qeyri-konstruktiv siyasətinə baxmayaraq Azərbaycan bütün dünyaya özünün nailiyyət və müvəffəqiyyətlərini nümayiş etdirir. Dövlət Departamenti tərəfindən provokasiya xarakterli yazılar və fəaliyyətlər Azərbaycana 1-ci Avropa Oyunlarını yüksək səviyyədə keçirməsinə, sabit iqtisadi inkişafa nail olunmasına, bütün dünyadan olan jurnalistlərə və qonaqlara ölkəmizdəki demokratiya və azadlığı öz gözləri ilə görmələrinə imkan verilməsinə mane ola bilmədi. Bütün bunlar bizim Silahlı Qüvvələrin döyüş qabiliyyətinin real yüksəldilməsi fonunda baş verir”.

Nazirlikdən bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ABŞ-nın hərbi attaşesini Müdafiə Nazirliyinə dəvət edərək onunla fikir mübadiləsi aparıb və hərbi əməkdaşlıq sahəsində yaranmış soyuqluqdan təəssüf hissini ifadə edib. General-polkovnik N.Sadıkov qeyd edib ki, Dövlət Departamentinin Azərbaycana qarşı yürütdüyü ikili standartlar siyasətinə baxmayaraq, rəsmi Bakı NATO-nun etibarlı tərəfdaşı kimi cıxış etməkdə davam edir və Əfqanıstanda ona həvalə olunmuş missiyanı uğurla yerinə yetirir.

Danışıqların sonunda general-polkovnik N.Sadıkov Azərbaycan Müdafiə Nazirliyinin Pentaqon və NATO ilə hərbi əməkdaşlığı davam etdirməyə, hərbi qurumlar arasında etibarın tam bərpa olunmasına hazır olduğunu bəyan edib. Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bundan sonra Dövlət Departamentinin rəsmi şəxsləri tərəfindən hərbi əməkdaşlıq planlarının yerinə yetirilməsinə mane olması cəhdlərinin təkrarlanmayacağına, hərbçilərin isə razılaşdırılmış və təsdiq olunmuş planların siyasətçilər tərəfindən pozulmasına uymayacaqlarına və ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin və əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılacağına ümüdini ifadə edib.

KATEQORIYA:
Bu xəbəri paylaş