Azərbaycanın müdafiə sənayesi dinamik inkişaf edir

MSN öz sözünü deyir
Azərbaycan Respublikası sürətli iqtisadi inkişaf tempi ilə regionun lider dövlətinə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu yeni dövrün gerçəklikləri nəzərə alınmaqla uğurla davam etdirən Prezident İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələrin icra olunması, mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində əhalinin yaşayış səviyyəsi xeyli yüksəlmişdir.

Bu gün respublikamızda uğurla inkişaf edən sahələrdən biri də müdafiə sənayesidir. Ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müdafiə sənayesi sahəsində də qısa müddət ərzində böyük uğurlar qazanılmışdır.

Müdafiə Sənayesi Nazirliyi yaradıldığı gündən qarşısına qoyulmuş məqsədlərə çatmaq üçün tabeliyinə verilmiş istehsal müəssisələrində əsaslı yenidənqurma işləri aparmaqla Silahlı Qüvvələri lazımi silah, hərbi texnika, sursat və s. təmin etmək üçün yeni istehsal sahələrinin yaradılması istiqamətində işləri uğurla həyata keçirir. Ötən müddət ərzində nazirliyin tabeliyində olan müəssisələrdən böyük əksəriyyətində əsaslı tikinti və yenidənqurma işləri aparılaraq isifadəyə verilmişdir. “İqlim”, “Dalğa” və “Sənayecihaz” elmi istehsalat müəssisələri, “Telemexanika”, “Peyk”, “Alov”, Elektron Hesablayıcı Maşınlar, “Radioquraşdırma”, Şirvan “Araz”, Bakı “Cihazqayırma”, Xaçmaz “Kondensator” zavodları, “AZAD Systems Co.” müəssisəsi və Elmi-Tədqiqat İnstitutu əsaslı təmir və yenidənqurmadan sonra istismara verilmişdir.

2007-2012-ci illərdə nazirliyin tikinti və yenidənqurma işləri aparılmış birlik və müəssisələrində 40-dan çox yeni istehsal sahəsi yaradılmışdır. Onlardan üçü bu il istifadəyə verilmişdir. Cari ildə istifadəyə verilmiş müəssisələrdən atıcı silahların yaradılması və təkmilləşdirilməsi üçün təcrübə sınaq zavodunu, fərdi əleyhqazların və xüsusi mühafizə vasitələrinin istehsalı və müxtəlif çaplı döyüş sursatlarının utilizasiyası sahələrini göstərmək olar. Həmin müəssisələrdən yarıdan çoxunun açılışında ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev iştirak etmiş, özünün xeyir-duasını və dəyərli tövsiyələrini vermişdir.

Müdafiə Sənayesi Nazirliyi fəaliyyət göstərdiyi 7 il ərzində tabeliyində olan müəssisələri ən müasir texnologiya və avadanlıqlarla təmin etmək üçün bir sıra işlər həyata keçirmişdir. Onlarla texnoloji avadanlıq, 1500-dən çox müxtəlif növ dəzgah, cihaz, alət və tərtibatlar alınıb quraşdırılmışdır. Nazirliyin müəssisələrində yaradılan yeni istehsalat sahələri Azərbaycan Respublikası Silahlı Qüvvələrini müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün tam gücü ilə fəaliyyət göstərir. Nazirliyin tabeli müəssisələrində istehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 700-ə çatdırılmışdır. Cari ildə 437 adda müdafiə təyinatlı məmulatın istehsalı üzrə müqavilə bağlanılmışdır. 2012-ci ilin nəticələrinə görə istehsal olunmuş və sifarişçilərə təhvil veriləcək müdafiə təyinatlı məmulatların həcmi 2007-ci illə müqayisədə 25 dəfədən artıq olacaqdır.

Bu gün “Matador” və “Marauder” tipli zirehli maşınların istehsalı və onların silahlanması tam mənimsənilmiş və kütləvi istehsalı uğurla həyata keçirilir. İlk dəfə olaraq respublikada müasir pilotsuz uçuş aparatlarının istehsalı təmin edilmişdir. Eyni zamanda, AK-74M tipli avtomatların istehsalı da uğurla həyata keçirilir. Qeyd olunan məmulatlar üzrə güc strukturlarının sifarişləri təmin edilmişdir.

Ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə 2009-cu ildən başlayaraq Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar beynəlxalq müdafiə sənayesi sərgilərində nümayiş etdirilir və böyük maraqla qarşılanır. MSN-in qatıldığı sərgilərdə Azərbaycan brendi kimi nümayiş etdirilən məmulatların çeşidlərinin sayı artmaqda davam edir.

2009-cu ildə Türkiyədə təşkil olunan “IDEF-2009” sərgisində 27 adda müdafiə təyinatlı məmulatla respublikamızı təmsil edən Müdafiə Sənayesi Nazirlyi cari ilin noyabr ayında İndoneziyada keçirilən “IndoDefence-2012” sərgisində 125 adda müdafiə təyinatlı məmulat nümayiş etdirdi. Onlardan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələrini, döyüş sursatlarını, optik nişangahları, mühəndis texnikasını və s. göstərmək olar. Nazirliyin müəssisələrində yeni yaradılan və istehsal olunan pilotsuz uçuş aparatları, gecəgörmə cihazı, zirehli dəbilqə, zirehli gödəkcə, AKM və AK-74 tipli avtomatlar üçün şəffaf patron daraqları, fərdi əleyhqazlar ilk dəfə idi ki, beynəlxalq sərgidə nümayiş etdirilirdi.

ABŞ, İngiltərə, Almaniya, İtaliya, Rusiya, Fransa, Türkiyə və digər inkişaf etmiş ölkələr olmaqla dünyanın 50-dən artıq ölkəsindən 500-dən çox şirkətin qatıldığı sərgidə Azərbaycan istehsalı olan məmulatlar, xüsusilə, müxtəlif növ döyüş sursatları, pilotsuz uçuş aparatları, 12,7 və 14,5 millimetrlik “İstiqlal” snayper tüfəngləri, tapançalar böyük maraqla qarşılandı. Bu, Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məmulatlarla qatıldığı sayca səkkizinci beynəlxalq sərgi idi. Sərgilərdə iştirak edərkən bir çox ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirilmiş, ikitərəfli əməkdaşlıqların yaradılmasına, mövcud olan əməkdaşlıqların inkişaf etdirilməsinə dair müzakirələr aparılmış və razılıqlar əldə olunmuşdur. Bir sıra yeni layihələrin reallaşdırılması nəzərdə tutulmuşdur.

Yeni layihələrdə müxtəlif çaplı uzaq məsafəli artilleriya minalarını və onların barıt atımlarını, müxtəlif növ artilleriya mərmiləri üçün partladıcıları, zirehli nəqliyyat vasitələri üçün döyüş modullarını, atıcı silahların və onların döyüş sursatlarının daşınması və saxlanılması üçün müasir qablaşdırma qutularını və s. istehsalını göstərmək olar. Bütün bunlar Azərbaycanın yeni yaradılmış müdafiə sənayesinin inkişafının real nümunəsidir.

Ötən müddət ərzində hərbi-texniki əməkdaşlıq sahəsində də mühüm işlər görülmüşdür. Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş dövlətlərinin 60-dan çox şirkət və firması ilə sıx əməkdaşlıq edir. Beynəlxalq sərgilərdə nümayiş olunan məmulatlara artan maraq sayəsində MSN ilə əməkdaşlıq edən ölkələrin və onların şirkətlərinin sayı artmaqda davam edir. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, əməkdaşlıq sahəsində əldə olunmuş bu uğurlar ölkə Prezidenti İlham Əliyevin apardığı xarici siyasətin nəticəsidir.

2007-ci illə müqayisədə 2012-ci ildə yaradılma sahəsində başa çatdırılmış mövzuların sayı 4,5 dəfə, mərhələlərin icrası isə 5,1 dəfə artmışdır. İstehsalı mənimsənilmiş və seriyalı istehsalına başlanılmış yeni məmulatlardan yaylım atəşli reaktiv sistemini, zirehli texnikanın tırtıllarını, mühəndis texnikası üzrə elektron partlatma maşınını, fərdi əleyhqazı, aviasiya bombalarını, kollimator nişangahını, top kollimatorunu, müxtəlif minaatanları, siqnal tapançasını, zirehli texnikaların, artilleriya və atıcı silahların müxtəlif ehtiyat hissələrini göstərmək olar. Müasir tökmə prosesi ilə həyata keçirilən zirehli maşınların tırtıllarının və müxtəlif çaplı minaların gövdələrinin hazırlanması uğurla sınaqdan çıxmış və istehsalına başlanılmışdır ki, bu da mütərəqqi tökmə prosesinin ölkə iqtisadiyyatının digər sahələrində də tətbiqinə imkan yaradacaqdır.

Tabeli müəssisələrdə müdafiə təyinatlı məmulatların istehsalı ilə yanaşı, mülki məhsulların yeni növlərinin mənimsənilməsi istiqamətində də məqsədyönlü işlər aparılır. Məhz onun nəticəsidir ki, 2007-ci illə müqayisədə 2012-ci ildə mülki məmulatların istehsal həcmində 1,8 dəfə artım əldə olunmuşdur. Çeşidlərin sayı isə 400-ü ötmüşdür.

Nazirliyin müəssisələrində mülki məhsullardan: neft-qaz sənayesində işlədilən müxtəlif növ dəstləşdiricilərin, traktorlar üçün tırtılların, 4 və 6 laylı çap lövhələrinin, rəqəmsal teleyayıma keçidlə bağlı DVB-T tipli dekoderlərin çap lövhələrinin, hərbi avtonəqliyyat vasitələrinin əsaslı təmiri və təkmilləşdirilməsi, gəmilərin təmiri üçün ehtiyat hissələrinin, səyyar yemək termoslarının, müxtəlif güclü akkumulyator batareyalarının, 12 kalibrli qoşa lülə və yarımavtomat yivsiz ov tüfənglərinin, işıqforlarda taymer sisteminin, polis məntəqələri üçün teleskop tipli maneə sistemlərinin istehsalı mənimsənilmişdir.

2010-cu ildən etibarən nazirliyin müəssisələrində istehsal olunan mülki məhsulların da beynəlxalq sərgilərdə nümayişinə başlanılmışdır. Nazirlik Özbəkistanda keçirilən beynəlxalq sərgidə 59 adda mülki məhsul nümayiş etdirmişdir. Ötən il dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş milli sərgidə nazirlik xüsusi stendlə təmsil olunmuşdur. Burada nazirliyin müəssisələrində istehsal edilən 400 adda mülki və ikili təyinatlı məhsullar barədə ətraflı məlumat verilmişdir.

Respublikanın müdafiə sənayesinin inkişafı sahənin yüksək ixtisaslı kadrlara olan təlabatını təmin etməkdən çox asılıdır. Bu məqsədlə Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Texniki Universitetində “Xüsusi texnika və texnologiya” fakültəsi yaradılmışdır. Həmin fakültədə həm bakalavr, həm də magistr pillələri üzrə Müdafiə Sənayesi Nazirliyinin verdiyi sifarişlər əsasında 2012-2013-cü tədris ilindən kadr hazırlığına başlanılmışdır. Belə ki cari tədris ilində Texniki Universitetin adı çəkilən fakültəsinə 5 müdafiə təyinatlı ixtisas üzrə 75 abituriyent qəbul olunmuşdur. Fakültədə təhsil alan tələbələrin müdafiə sənayesinə marağını artırmaq və yüksək ixtisaslı mütəxəssis kimi yetişmələri üçün müəssisələrdə əyani vasitələrlə təchiz olunmuş xüsusi tədris otaqları yaradılmışdır. Eləcə də nazirlik tərəfindən təsdiq olunmuş qaydalar əsasında fakültədə əla qiymətlərlə oxuyan bir qrup tələbəyə xüsusi təqaüdlər veriləcəkdir.

İnkişafı bilavasitə elmlə bağlı olan müdafiə təyinatlı məmulatların yaradılması sahəsində Müdafiə Sənayesi Nazirliyinin elmi müəssisələri tərəfindən bir sıra elmi-tədqiqat və təcrübi konstruktor işləri uğurla həyata keçirilir. Belə ki nazirliyin Elmi-Tədqiqat İnstitutunda cari ildə dövlət sifarişi xətti ilə 11 mövzu üzrə elmi-tədqiqat və təcrübi konstruktor işləri aparılır. Bununla yanaşı, iş planına uyğun olaraq 9 istiqamətdə 24 mövzu üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi nəzərdə tutulub.

Milli Aerokosmik Agentliyinin (MAKA) 2012-ci il üzrə elmi-təşkilati fəaliyyətində müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı, xüsusi təyinatlı avtomobillər üzərində müxtəlif çaplı silahların quraşdırılması, aerokosmik məmulatların emalı prinsiplərinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi, ekoloji monitorinq məsələlərinin həllinə xüsusi yer verilmişdir. Bununla yanaşı, cari ildə MAKA-da elmi-tədqiqat işlərinin təsdiq olunmuş iş planına uyğun olaraq 32 mövzu üzrə məmulatların yaradılması istiqamətində işlər davam etdirilir.

2012-ci ildə Müdafiə Sənayesi Nazirliyində fəaliyyət göstərən Elmi Texniki Şurada iş planına daxil edilmiş müxtəlif səpgidə mövzular üzrə müzakirələr aparılmış və bir sıra mövzular üzrə konkret təklif və rəylər qəbul edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanının icrası ilə əlaqədar olaraq Müdafiə Sənayesi Nazirliyinin veb saytında “Elektron xidmətlər” bölməsi yaradılmışdır. “Elektron xidmətlər” bölməsində Müdafiə Sənayesi Nazirliyi tərəfindən “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi nəzərdə tutulmuşdur. Xidmətin “Elektron hökumət” portalına inteqrasiyası təmin edilmişdir. Eləcə də, vətəndaşların müraciətlərini asanlaşdırmaq məqsədilə nazirliyin veb saytında “Onlayn müraciət” xidməti də fəaliyyət göstərir.

Cari ildə nazirliyin kollektivinin sosial-məişət problemlərinin həlli istiqamətində də bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir. İşçilərin maddi rifah halının yaxşılaşdırılması məqsədilə orta aylıq əməkhaqqı artırılaraq 352 manata çatdırılmışdır. Ötən illərdə olduğu kimi, bu il də əməkdaşların mənalı istirahətinin təşkili məqsədilə nazirliyin işçiləri yay aylarında respublikanın müxtəlif istirahət mərkəzlərinə göndərilmiş, müalicəyə ehtiyacı olanlar isə sanatoriya yollayışları ilə təmin edilmişdir. Müəssisələrin əksəriyyətində yeməkxanaların fəaliyyəti bərpa olunmuş və bu ildən başlayaraq müəssisənin hesabına fəhlələrə pulsuz yemək verilməsinə başlanılmışdır. Respublikanın müdafiə sənayesinin inkişafında əldə olunmuş bu uğurlar Prezident İlham Əliyevin ölkənin sənaye infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirdiyi kompleks tədbirlərin nəticəsidir.

Prezident İlham Əliyev çıxışlarında, xalqla görüşlərində hər zaman xüsusu olaraq vurğulayır ki, “Azərbaycan nəyin bahasına olursa-olsun, istər sülh yolu ilə, istərsə də hərb yolu ilə öz ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycan vətəndaşları öz ata-baba torpaqlarına qayıdacaqdır. Bunu etmək üçün biz daha da güclü olmalıyıq və biz güclü oluruq. İqtisadi sahədə, hərbi sahədə, bütün başqa sahələrdə Azərbaycanın potensialı Ermənistandan bir neçə dəfə üstündür, daha da üstün olmalıdır”. Biz, Müdafiə Sənayesi Nazirliyinin kollektivi olaraq, ölkə başçısını əmin edirik ki, düşmən tapdağında olan torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası və ölkəmizin müdafiə qüdrətinin artırılması naminə üzərimizə düşən bütün işlərin öhdəsindən layiqincə gələcəyik.
Bu gün, müdafiə sənayesi sahəsinin gələcək inkişafına təkan verən layihələrin qəbulu, işçilərin maddi rifah halının yaxşılaşdırılması, habelə peşə bayramı ərəfəsində ölkə Prezidenti tərəfindən bir qrup əməkdaşa fəxri adların, yüksək dövlət təltiflərinin verilməsi kollektivin hər bir üzvündə dərin minnətdarlıq və sonsuz ehtiram hissləri doğurmaqla yanaşı, üzərlərinə böyük məsuliyyət də qoyur. Müdafiə Sənayesi Nazirliyinin kollektivi bundan sonra da öz fəaliyyətində ümummilli lider Heydər Əliyevin ideyalarını rəhbər tutan Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun yeni növ silah, hərbi texnika və döyüş sursatları ilə təmin edilməsi üçün bütün qüvvəsini səfərbərliyə alacaqdır.

Yavər CAMALOV,
müdafiə sənayesi naziri

“Azərbaycan” qəzeti

KATEQORIYA:
Bu xəbəri paylaş