Azərbaycanın Rusiyadan aldığı Mi-35M helikopterləri Bakıya gətirilib

Azərbaycanın Rusiyadan satın aldığı Mi-35M tipli helikopterlərin daha ikisi Bakıya gətirilib.
“AzeriDefence”in APA-ya istinadən verdiyi məlumata görə, test uçuşlarını başa vurmuş 2 ədəd helikopter aprelin 6-da “Rosvertol” şirkətinin Rostov-Dondakı zavodundan Bakıya yola salınıb.

Hazırda sifariş üzrə zavodda digər helikopterlərin yığılması prosesi davam etdirilir.

Azərbaycanın sifarişi üzrə, ilk 4 ədəd Mi-35M helikopter isə 2011-ci il dekabrın 12-də Azərbaycana göndərilib.

Qeyd edək ki, Mi-35 helikopterləri Mi-24 helikopterlərinin zirehli tank texnikasının məhv edilməsi üçün nəzərdə tutulmuş və müasirləşdirilmiş versiyasıdır. Daha güclü mühərrikə malik bu helikopterlər həmçinin desant və yaralıların evakuasiyası, bölmələrin atəş dəstəyi ilə təmin olunması, qoşqu vasitəsilə yüklərin daşınmasını həyata keçirə bilir.

Helikopter gecə, gündüz, hər cür hava şəraitində 4 km-dən çox məsafədəki obyektləri tanımağa imkan verən IRTV-445MGH termal müşahidə sistemi, GPS115L GARMIN peyk naviqasiya sistemi ilə təchiz olunub. Helikopterin silahlanmasına 8 ədəd 9M114 kumulyativ döyüş başlıqlı “Şturm-V” tipli idarə olunan tank əleyhinə raketlər, 80 mm çaplı S-8, və 240 mm-lik S-24 idarə olunmayan raketlər, 12,7 mm çaplı 9-A-629, 2 ədəd 7,62 mm çaplı 9-A-622 markalı pulemyot, 30 mm-lik 9-A-800 markalı qumbaraatan, 50 kq-dan 500 kq çəkiyədək müxtəlif bombalar daxildir.

KATEQORIYA:
Bu xəbəri paylaş