Azərbaycanın sabiq müdafiə nazirinin Həbəşistan hekayəti

Sabiq müdafiə naziri Dadaş Rzayev Həbəşistanda necə Karanel Dmitri oldu?

“AzeriDefence.com” saytı azərbaycanlı generalın uzaq Afrikada yaşadıqlarını qələmə aldıÖtən əsrin 60-80-ci illərində SSRİ Silahlı Qüvvələrinin tərkibində xidmət keçən azərbaycanlı zabitlər Vyetnamda, Əfqanıstanda, Kubada, Monqolustanda, Efiopiyada, Suriyada və digər ölkələrin ordularının yaradılmasında mühüm rol oynayıblar. Bir vaxtlar bizlərə məlum olmasa da, məxfi qriflənsə də bir çox azərbaycanlı hərbçi SSRİ xaricində, müxtəlif regionlarda keçirilən əməliyyatların belə iştirakçısı olub.

Azərbaycanın sabiq müdafiə naziri, Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri, general-mayor Dadaş ötən əsrin 80-ci illərində Efiopiya (Həbəşistan) Silahlı Qüvvələrinin qurulmasıında iştirak etməklə yanaşı, bu ölkədə gedən iki müharibənin yeganə azərbaycanlı iştirakçısı olub. SSRİ-dən hərbi məsləhətçi kimi Həbəşistana göndərilən D.Rzayev Efiopiya-Eritreya vətəndaş münaqişəsi v Efiopiya-Somali sərhəd konfliktində iştirak edib.

Ötən əsrin 70-80-ci illərində SSRİ Yaxın Şərq və Şimali Afrikada sosialist yönümlü qüvvələri hakimiyyətə gətirilməsinə yardımçı olmaqla bu regionda öz nüfuzunu təmin etməyə çalışırdı. 1975-ci ildə Efiopiyada hərbi çevrilişlə kral Hayle Selasyeni devirib hakimiyyətə gəlmiş ordu zabiti Mengüst Hayle Mariam Sovetlər Birliyi tərəfindən daha çox dəstəklənirdi. Qırmızı dənizdə Efiopiyaya məxsus adalarda hərbi bazalar yaradan SSRİ H.Mariama iqtisadi və hərbi dəstəyini əsirgəmir, ona ölkə ərazisində daxili və xarici qüvvələrə qarşı üstünlüyünü təmin etmək üçün təmənnasız hərbi yardımlar göstərirdi. Bu yardımlara silah və texnikaların verilməsi, həbəş zabitlərin SSRİ-nin hərbi məktəblərində təhsil almaları, sovet zabitlərinin həbəş ordusunun təşkilində məsləhətçi kimi iştirakı və s. daxil idi.

Mülki geyimli hərbi missiya

O zaman polkovnik rütbəsini daşıyan Dadaş Rzayev Ukrayna ərazisində SSRİ-də ilk dəfə olaraq əlahiddə hücumçu hava desant briqadasını formalaşdıraraq ona komandirlik edib. 1982-ci ilin yanvar ayında Moskvada Baş Qərargaha çağrılan polkovnik D.Rzayev Həbəşistana 3 illiyə hərbi məsləhətçi göndərilir. D.Rzayevlə birgə xeyli sayda zabit də Həbəşistana yola salınır. SSRİ hərbi missiyası xarici xüsusi xidmət orqanlarının diqqətini yayındırmaq üçün bu ölkəyə mülki geyimdə və müxtəlif sahələri təmsil edən «mütəxəssis» kimi yola salınır. Sovet hava desant briqadasının komandiri D. Rzayevə verilən sənəddə isə onun «kənd təsərrüfatı mütəxəssisi» olduğu göstərilir.

«Ədis-Əbəbədə bizi həbəş geyimində olan sovet zabitləri qarşıladılar. Ora çatan kimi bizə həbəşlər kimi saqqal və bığ saxlamağa icazə verdilər. Bu diqqəti çox cəlb etməmək üçün idi. Mənim də həbəşlərinki kimi gözəl bığım və saqqalım var idi, onlardan demək olar ki fərqlənmirdik. Həbəş zabitləri kimi geyinir, sadəcə rütbə taxmırdıq», – D. Rzayev deyir.
Ədis-Əbəbə şəhərində D. Rzayevi Efiopiya müdafiə nazirinin məsləhətçisi, general-leytenant Dyomin qəbul edir. Dyomin söhbət zamanı Həbəş ordusunun Eritreyada döyüşən 19-cu diviziyasında vəziyyətin yaxşı olmadığın deyir. Diviziyaya məsləhətçi təyin olunmuş sovet zabiti qorxaqlıq göstərib, döyüşə getmədiyindən rəhbərlik ondan narazılıq edir. Ona görə də D.Rzayev 19-cu diviziyaya məsləhətçi təyin olunur. Beləcə, qısa məlumatlandırmadan sonra D.Rzayev öncə ölkənin şimalındakı Asmara şəhərinə (hazırda Eritreya dövlətinin paytaxtıdır), oradan da 19-cu diviziyaya yollanır: «Diviziyaya gələndə mənim tabeliyimə 12 polkovnik verilmişdi. Öncə xəritəni tələb etdim və bütün vəziyyəti nəzərdə keçirdim. Sonra diviziya komandirinin yanına getdim. Dedim ki sabah mənə bir taqım və 1 BMP verin, gedirəm vəziyyətlə yerində tanış olam. Əvvəlki məsləhətçi belə bir addım atmamışdı. Komandir gördü ki mən ciddi deyirəm, özü də bizə qoşuldu. İki BMP götürüb yerlərdəki vəziyyətlə tanış olmağa çıxdıq. Cəhənnəm kimi bir yerlər idi. Çılpaq dağlıq, 70-80 dərəcə isti. Bu minvalla bir aya 37 kilometrlik cəbhəni tam nəzərdən keçirdim. Vəziyyəti öyrəndim və ondan sonra başladıq müharibəyə qatılmağa».

Həbəş ordusunun Eritreyadakı 19-cu diviziyasında 8 aya yaxın çalışan D.Rzayev bu dövrdə diviziyanın 37 kilometr irəlilədiyini, bir sıra müvəffəqiyyətlər əldə etdiyini, əsas yüksəklikləri nəzarət altına aldığını deyir.

Goreşənlər meyitləri sümüyünədək yemişdilər

Efiopiyanın şimalında – Eritreyada olduğu 8 ay ərzində bir sıra döyüşlərdə iştirak edən D. Rzayev dəfələrlə ölümlə üzbəüz gəldiyini deyir: «Bir dəfə müasirəyə düşmüşdük. O zaman diviziya komandiri mənim yanımda iki rabitəçini güllələdi. Dedi ki rabitəçilər satqınlıq edib, qarşı tərəfə işləyib. Rabitəçilər koordinatları, yerləri düzgün deməmişdilər. Əsgərlər oradakı BMP-nin işləmədiyini deyirdilər. Gördüm ki vəziyyət çətindir, hər tərəfdən əhatəyə alınmışıq, özüm əyləşdim BMP-yə və işə saldım. Köməkçilərimi maşına yığdım, diviziya komandirinə də dedim ki min! Çıxdıq aradan. Qərargaha gəlib bütün artilleriyaya əraziyə atəş açmaq əmrini verdim. Artilleriya təxminən 30 dəqiqə işlədi. Ərazinin altı-üstünə çevrilmişdi. Bir dəfə də kəşfiyyat təşkili edib, düşmən qüvvələrinin bir taborunu yerini təsbit etdik. «Qrad» divizionu bir yaylım atəşinə onları tamamilə məhv elədi. Həmin yerə qalxanda gördük ki, oradakıların hamısı məhv olub. Səhəri günü əraziyə təkrar qalxanda çox qorxdum. Bir meyit belə qalmamışdı. Goreşənlər hamısını sümüyünə qədər yemişdilər».

D.Rzayev deyir ki, bir dəfə kiçik bir səbri onu ölümdən xilas edib. Onların mövqelərini düşmən snayperi onları nişana alıbmış. Diviziyanın qərargah rəisi tərpənən kimi snayper onun alnından vurub. Dərhal geri çəkilən D.Rzayevin yerinə isə bir neçə saniyə sonra iki atəş açılıb.

D.Rzayev səkkiz ay ərzində 19-cu diviziyanın tərkibində bir hücumçu desant briqadası yaradır. Sonradan döyüşlərdə bu briqada böyük nailiyyətlər əldə edir. Bu ərəfədə Efiopiya-Somali sərhədində vəziyyət gərginləşməyə başlayır və D.Rzayev Somali istiqamətində – cənubdakı 8-ci divizyaya göndərilir: «Burada vəziyyət tam fərqliydi. Hər yan düzənlik, səhra idi. Münaqişə ayrı-ayrı su ehtiyatları üzərində gedirdi. Burada Somali qüvvələrini geri oturdub, onlara böyük zərbə endirdik və sərhədi tənzimlədik. Ondan sonra Marşal Petrov özü şəxsən bizim qərargaha gəlib və mənimlə görüşdü».

Macəra dolu Afrika…

Sovet komandoları dövrünün ən hazırlıqlı xüsusi təyinatlılarından hesab olunub. Sovet komando-desant qüvvələrinin zabitləri digər ölkələrin istifadəsində olan bütün silah və texnikanı tanıyıb, istənilən çətinliklərə hazırlıqlı olub. Bununla belə, D.Rzayev Afrika qitəsində bəzi problemlər yaşandığını bildirir: «Birincisi düşdüyümüz mühit idi. Mən orada olduğum 4 il ərzində həmişə gözləyirdim ki, qış, yaz, yay nə vaxt gələcək. Orada fəsil yoxdur. İlin 365 günü istilərdir. Yerli əhali özü üçün fəsilləri təyin edə bilirlər. İkincisi su problemi vardı. Cəbhədə olanda bu problem bizi çox incitdi. Üçüncüsü isə dil bilməmək».

D.Rzayev deyir ki, sovet zabitlərinin Həbəşistanda nə yaşayış, nə də yemək-içməklə bağlı problemləri olmayıb. Sovet zabitlərinin əksəriyyəti Həbəşistana həyat yoldaşları ilə birlikdə gediblər. Sovet hərbçilərinin və onların ailələri üçün xüsusi bina ayırlıb və çox güclü mühafizə olunublar. Orada olduğu müddətdə D.Rzayev həbəşlərin əsas danışıq dili olan amharca bəzi ümumişlək sözləri də öyrənib.

Dəfələrlə Efiopiya ordusunun genişmiqyaslı təlimlərini keçirən D.Rzayevi orada yerli zabitlər Karanel Dmitri adlandırıblar. Somali ilə sərhəddə vəziyyət qaydaya salınandan sonra D.Rzayev həbəş ordusunun ən bərbad vəziyyət olan 9-cu diviziyasına göndərilib. 1985-ci ilə qədər – SSRİ-yə qayıdanadək bu diviziyada xidmət edib. Onun rəhbərliyi altında hərbi hissənin maddi texniki bazası, təlim mərkəzi və s. yaradılıb. Az keçməmiş bu diviziya həbəş ordusunda ən nümunəvi birləşməyə çevrilib.

D.Rzayev deyir ki, sovetlərdən əvvəl Kuba hərbi kontingenti Həbəşistanda olub. Həbəşlər Kuba briqadalarından da bəzi şeyləri mənimsəyiblər. Orada olduğu dövrdə bir müddət Kuba hərbi birləşmələrində də sovet hərbi məsləhətçisi kimi çalışan D.Rzayev Kubanın bir medalı ilə təltif olunub: «Həbəş zabitlərinin, komandir heyətinin böyük hissəsi vaxtı ilə ABŞ və İngiltərədə təhsil alan şəxslər idi. Mənim orada olduğum 4 ildə çox böyük irəlləyişlər oldu. SSRİ həbəş ordusunu müasir silah və texnika ilə tam təmin etdi. Mənim sərəncamımda bir «Qrad» divizionu vardı ki hər yaylımda 720 mərmi uçurdu. Həbəşlər dağlarda «Qrad»ları çox yaxşı istifadə edirdilər».

D.Rzayevin sözlərinə görə, Efiopiya ordusunda satqınlara münasibət çox pis olub. Satqınlar sorğu-sualsız güllələnirmiş.

Həbəş zabitinin sözünə görə siqareti atdı

Azərbaycanlı zabit siqareti bir həbəş zabitinin sözlərinə görə tərgidib. D.Rzayevin sözlərinə görə, bu hadisə 1983-cü ildə baş verib. Bir dəfə D.Rzayev rəhbərlik etdiyi taborla 3 min metrlik bir yüksəkliyə qalxır. Həbəş əsgərləri boyunlarını müxtəlif mikroblardan qorumaq üçün bağladıqları ağ yaylıq uzaqdan onların yerini düşmənə nişan verir. Bu zaman həmin yüksəklik minaatanlardan atəşə tutulur. Tabor 10-15 əsgərini itirir. Qalanlar qayalara sığınıb mühafizə olunmağa çalışır. Bu zaman siqaret yandırmaq istəyən D.Rzayev öz ilə siqaret götürmədiyini görür: «Köməkçim dedi ki siqaret aşağıda, qərargahda qalıb. Bir həftəliyə dağa qalxmışdıq, siqaret çəkən adam indi buna döz görüm… Az qaldım köməkçimi vurum. Əsgərim getdi və az keçməmiş bir paçka «Marlboro» gətirdi. O vaxt bir paçka «Marlboro» Həbəşistanda 3 dollar idi. Haradan aldığını soruşduqda dedi ki, həbəş zabitdən borca götürüb, geri dönəndə qaytaracaq. Siqareti yandırmaq istəyəndə köməkçim «komandir həbəş zabiti siqareti verəndə dedi ki, nə oldu, sovet zabitinin siqareti də yoxdur?», söylədi. Bunu eşidəndə elə bil dünya mənim başıma fırlandı. Siqareti yandırmadım. Paçkanı da, kibriti də yerə atıb bəlkə də ayağımın altında bir saat əzdim. Fikirləşdim ki bir də bu siqaret nədir ki, həm həyatımı məhv edirəm, həm də bir həbəşin sözünü götürürəm. Elə ondan bu yana siqareti atdım. Siqaret çəkənlərə də yazığım gəlir».

Hayle Mariamdan sovet zabitlərinə «cin» hədiyyəsi

Azərbaycanlı zabit xidmət dövründə Həbəşistanın keçmiş prezidenti Hayle Mariamla çoxlu görüşlərinin olduğunu söyləyir. Onun sözlərinə görə, Hayle Mariam sovet zabitlərinin işlərini yüksək qiymətləndirirmiş. Mariam hətta diviziya komandirlərinə tapşırıbmış ki, əgər sovet məsləhətçisinə bir şey olarsa, həmin diviziya komandiri güllələnəcək: «Hayle Mariamla dəfələrlə görüşmüşəm. Prezident deyirdi ki, bizim necə işləməyimizdən xəbəri var. O bəzən bizim məsləhətçi zabitlər qrupuna 2-3 yeşik «cin» adlı həbəş içkisi hədiyyə edirdi. Ağ rəngli bu içkini həbəşlər hansısa otdan hazırlayırdılar və 29% sprti vardı. Doğrusu mən içmirdim. Amma ruslar yaxşıca vururdular».

Efiopiyada digər zabit yoldaşlarından fərqli olaraq 1 il artıq – 4 il saxlanılan D. Rzayev xidmət dövründə Efiopiyanın «Xidmətlərə görə» medalı ilə təltif olunub. Eyni zamanda Sovet ordusunun rəhbərliyi tərəfindən də bir sıra orden və medallarla, o cümlədən «Qırmızı Ulduz» ordeni ilə təltif edilib. Lakin sonuncu mükafata təqdimat verilsə də, sabiq general bu medalı indiyədək ala bilməyib.

D.Rzayev Efiopiyada SSRİ-nin dövlət plan komitəsinin sədri Nikolay Baybakovu qarşıladığını da deyir: «Onu ərazidə mən qarşıladım. Görüşdük. Dedi ki SSRİ vətəndaşı olsan da lap həbəşə oxşayırsan. Sonra qoluma girdi və bir qədər söhbət elədik. Çox maraqlı insan idi».

Sabiq müdafiə naziri onu da deyir ki, Həbəşistanda gördükləri bir çox hadisələri bu gün də unuda bilmir: “İlk dəfə orada şahidi oldum ki insan ölür, amma heç kim yaxın durmur, ona baxıb ötürlər. Bu sovet cəmiyyətində görünməmiş hadisə idi. Bizim mühitdə belə bir şey yox idi. Başqa bir maraqlı fakt isə o idi ki, nə hökumət tərəfin Eritreyanın mülki insanları ilə, nə də separatçıların hökumətin nəzarətindəki ərazilərdə yaşayanlarla işi yox idi».

KATEQORIYA:
Bu xəbəri paylaş