AzTU-nun gənc silah mühəndislərinin işlə təmin olunması üçün komissiya yaradılıb

Azərbaycan Texniki Universitetinin (AzTU) “Xüsusi texnika və texnologiya” fakültəsinin məzunlarının işlə təmin olunması üçün rektor, professor Havar Məmmədovun əmri ilə seçim komissiyası yaradılıb.

Azərbaycan Texniki Universitetinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, seçim komissiyası universitetin professor-müəllim heyyəti və Müdafiə Sənayesi Nazirliyinin (MSN) nümayəndələrindən təşkil olunub.

Komissiyanın iyulun 15-də keçirilən iclasında 19 məzunun Müdafiə Sənayesi Nazirliyinin komplekslərində işlə təmin olunması üçün təyinat verilib. Təyinat verilən məzunların 10 nəfəri “Xüsusi texnika və texnologiya” fakültəsinin magistr səviyyəsinə qəbul olunub. Bildirilib ki, universitetin sözügedən fakültəsində magistrantların dərs saatı axşam saat 18:00-dan etibarən başladığı üçün onların iş fəaliyyətlərində bu baxımdan çətinlik yaranmayacaq.

Qeyd edək ki, AzTU-nun “Xüsusi texnika və texnologiya” fakültəsinin bu il 70 məzunu olub. Məzunların əksəriyyəti hərbi xidmətə getdikləri üçün komissiyanın bu seçimində onların işlə təmin edilməsi mümkün olmayıb. Lakin, Azərbaycan Texniki Universiteti və Müdafiə Sənayesi Nazirliyi həmin məzunlarla hərbi xidmətlərini başa vurduqdan sonra əlaqə yaratmaq niyyətindədir.

KATEQORIYA:
Bu xəbəri paylaş