Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin məzunlarının ənənəvi görüşü keçirilib

Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin (BAÜKM) hazırda müxtəlif ölkələrdə yaşayan bir qrup məzunu ailə üzvləri ilə birgə bu günlərdə yenidən paytaxtımıza gələrək məzunların ənənəvi görüşündə iştirak ediblər.
“AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qonaqlar Azərbaycanlı həmkarları ilə birlikdə öncə Fəxri xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyevin, onun həyat yoldaşı, görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarları önünə gül dəstələri düzüblər. Sonra qonaqlar Şəhidlər xiyabanında olub ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən övladlarının xatirəsinə öz hörmət və ehtiramlarını bildiriblər.

Vaxtilə BAÜKM-nin yerləşdiyi indi isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin fəaliyyət göstərdiyi ərazidə qonaqların təntənəli qarşılanma mərasimi olub.

Əvvəlcə Mərkəzin ərazisində ucaldılmış, hərbi məktəbin məzunu iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyulub.

Sonra görüş iştirakçıları Mərkəzin klubunda ümummilli lider Heydər Əliyevin adını daşıyan muzey-lektoriyaya baxıb onun həyat və fəaliyyətini əks etdirən zəngin eksponatlarla tanış olublar.

Təntənəli mərasim ümummilli lider Heydər Əliyevin və həlak olmuş döyüşçülərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin ifası ilə başlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət bayrağı və hərbi məktəbin müxtəlif illərdəki bayraqları səhnəyə gətirilib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov görüş iştirakçılarını səmimi salamlayaraq hərbi məktəbin keçdiyi döyüş yoluna toxunub və müstəqillik qazandıqdan sonra Ermənistanın işğalçılıq siyasətilə üz-üzə qalmış, müharibədən keçmiş Azərbaycanın ordu quruculuğunda məktəbin yetirmələrinin rolundan danışıb.

Ölkəmizdə son illərdə həyatımızın bütün sahələrində baş vermiş nəhəng dəyişikliklərə toxunan Müdafiə naziri bu yüksəlişin ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Azərbayacan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin adı ilə bağlı olduğunu xüsusi vurğulayıb.

“Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin qəhrəmanlıq tarixi və şərəfli ənənələri” mövzusunda məruzə ilə çıxış edən Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev hərbi məktəbin tarixi, fəaliyyəti və indiki vəziyyəti barədə ətraflı məlumat verib.

Sonra müxtəlif ölkələrdən gəlmiş məzunlar adından Anatoli Makarov, Aleksandr Elbakidze, Pavel Dulnev, BAÜKM-nin Məzunları Birliyinin sədri Sergey Antonenko və digərləri doğma məktəblə bağlı səmimi xatirələrini bölüşüb, Bakı şəhərində, ümumilikdə Azərbaycanda aparılan quruculuq işlərindən heyran qaldıqlarını ifadə edib, oxuduqları təhsil ocağının və bütövlükdə Azərbaycan Silahlı Qüvvələrinin ən müasir standartlara cavab verməsindən danışıblar.

Məzunlara xatirə medalları və hədiyyələr təqdim edildikdən sonra məktəbə həsr edilmiş “Yaranma tarixi” sənədli filmi nümayiş olunub. Sonda Müdafiə Nazirliyi Əlahiddə Nümunəvi orkestrinin estrada heyətinin ifasında konsert proqramı təqdim olunub.

Qonaqlar həmçinin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi ilə yaxından tanış olub, ən müasir trenajor və tədris avadanlıqlarıyla təchiz edilmiş siniflərə və yataqxanalara baş çəkiblər.

Sonra qonaqlar üçün Azərbaycan paytaxtına gəzinti təşkil edilib. Onlar uzun müddət əvvəl ayrıldıqları və son illərdə xüsusilə dəyişərək gözəlləşən Bakının görməli yerlərilə tanış olublar.

KATEQORIYA:
Bu xəbəri paylaş