Bakı gəmiqayırma zavodu istifadəyə verilib

Bakı gəmiqayırma zavodunun açılışı olub. “AzeriDefence”nin xəbərinə görə, açılış mərasimində prezident İlham Əliyev də iştirak edərək zavodu işə salıb.

Tədbirdə qeyd olunub ki, təməli 2010-cu il mart ayında qoyulmuş zavod Xəzər dənizində ən müasir tələblərə cavab verən istənilən növ müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərəcək.

Zavodun tikintisi və istismarı işlərinin həyata keçirilməsi məqsədi ilə ARDNŞ, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Sinqapurun “Keppel Offshore & Marine” şirkəti tərəfindən “Bakı gəmiqayırma zavodu” MMC birgə müəssisəsi yaradılıb. Təsisçilər arasında 2010-cu il dekabrın 10-da imzalanmış razılaşmaya əsasən ARDNŞ, AİŞ və Keppel zavodun nizamnamə kapitalında müvafiq olaraq 65%, 25% və 10% paya malikdirlər.

Diqqətə çatdırıldı ki, zavod Finlandiya, Niderland, Almaniya, Çex Respublikası, Böyük Britaniya, Koreya Respublikası və Sinqapurda yüksək standartlar səviyyəsində istehsal olunan avadanlıqla təchiz edilib.

Zavod ildə 25 min ton metal konstruksiya istehsal etmək gücünə malikdir. İstehsal imkanlarına görə Xəzər dənizi hövzəsində analoqu olmayan bu müəssisədə ildə 15 min ton yükgötürmə qabiliyyəti olan dörd və ya 70 min ton yükgötürmə qabiliyyəti olan iki tanker və dörd özül təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkün olacaq. Zavodun inşası ilə paralel olaraq, onun fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyan, uzunluğuna görə Xəzər dənizində ən böyük üzən quru dok tikilib. Müəssisənin tikinti layihəsinin ikinci mərhələsində yeni quru dokun, əlavə istehsal və körpü sahələrinin tikintisi planlaşdırılır.

Diqqətə çatdırılıb ki, zavodun istifadəyə verilməsi Xəzər dənizində Azərbaycanın aparıcı mövqeyini gücləndirməklə yanaşı,ölkəmizdə yeni gəmi tikintisi sənayesinin yaradılmasına səbəb olacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş