Bakıda Azərbaycan və Rusiya Baş Qərargah rəislərinin görüşü keçirilib

Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Rusiya müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

N.Sadıkov iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı inam üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və son illərdə strateji tərəfdaşlıq səviyyəsinədək yüksəldiyini qeyd edib.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik N.Sadıkov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə yaratdığını və onun beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Ordu generalı V.Gerasimov da Rusiya və Azərbaycan əlaqələrinin tarixi köklərə əsaslandığını, Rusiyanın Azərbaycanın vacib strateji tərəfdaşı olduğunu qeyd edərək yüksək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsinin ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini bir daha qeyd edib.

Sonra tərəflər hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin inkişaf perspektivlərini müzakirə edib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Sonda ordu generalı V.Gerasimov NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavel ilə ikitərəfli görüşün Bakıda təşkil edilməsi və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş