Bakıda Beynəlxalq Hidroqrafiya Təşkilatının Texniki Dəstək Qrupu ilə görüş keçirilib

Bakıda Müdafiə Nazirliyinin Naviqasiya və Kartoqrafiya İdarəsi ilə Beynəlxalq Hidroqrafiya Təşkilatının Texniki Dəstək Qrupunun nümayəndələri arasında “Azərbaycan Respublikasında Hidroqrafiya Xidmətinin imkanlarının dəyərləndirilməsi” mövzusunda görüş keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın Beynəlxalq Hidroqrafiya Təşkilatına üzv olması prosesinin sürətləndirilməsi məqsədilə keçirilən tədbirdə bu istiqamətdə görülən işlər barədə müzakirələr aparılıb.

Qonaqlara naviqasiya, hidroqrafiya və hidrometeorologiya fəaliyyətlərinin yerinə yetirilməsi mövzusunda brifinqlər təqdim olunub, idarədə mövcud olan müasir texniki avadanlıqların imkanları nümayiş etdirilib, həmçinin onları maraqlandıran suallar cavablandırılıb.

Səfər çərçivəsində Beynəlxalq Hidroqrafiya Təşkilatının Texniki Dəstək Qrupunun nümayəndələri Hərbi Dəniz Qüvvələrinin komandanlığı ilə də görüşüb, mövcud naviqasiya, hidroqrafiya və hidrometeorologiya avadanlıqları ilə tanış olub, hərbi dənizçilərlə təcrübə mübadiləsi aparıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş