Bakıda Koreyanın hərbi attaşe ofisi açılıb

Koreyanın Azərbaycandakı səfirliyində hərbi attaşe ofisinin açılışı olub.

“AzeriDefence”nin məlumatına görə, tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri, diplomatlar və Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər iştirak ediblər.

Koreyanın Azərbaycandakı səfiri Choi Suk İn qeyd edib ki, 1992-ci ildə ölkələr arasında münasibətlər qurulandan sonra yeni sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinə diqqət ayrılır. Son illərdə əmədaşlığa müdafiə sahəsi də əlavə olunub: “Azərbaycanın müdafiə naziri Zakir Həsənov Seulda, Koreyanın müdafiə nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyəti də Bakıda oldu. Əminəm ki hərbi attaşe Lee Jung Jae bu əməkdaşlığın daha da güclənməsinə öz töhfəsini verəcək”.

Azərbaycan Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq idarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov hərbi attaşe aparatının təsis edilməsi münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriklərini çatdırıb. O, qeyd edib ki, fəaliyyətə başlayan hərbi attaşe aparatı iki ölkə arasında hərbi əlaqələrin inkişafına təkan verəcək. H.Mahmudov 2005-ci ildən Azərbaycan və Koreya silahlı qüvvələri arasında yüksək səviyyəli nümayəndə heyətinin qarşılıqlı səfərlərinin həyata keçirildiyini vurğulayıb.

Koreya Müdafiə Nazirliyinin briqada generalı Yoon Hong Geun ölkəsinin Azərbaycanla hərbi sahədə əməkdaşlığa maraqlı olduğunu, fəaliyyətə başlayan hərbi attaşe aparatının bu sahədə önəmli rol oynayacağını bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş