Bakıda MDB Baş Qərargah Rəisləri Komitəsinin iclası keçirilib

Bu gün Bakıda MDB Baş Qərargah Rəisləri Komitəsinin iclası keçirilib. “AzeriDefence”nin məlumatına görə, Azərbaycan, Rusiya, Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri, Qırğızıstan, Belarus Silahlı Qüvvələrinin baş qərargah rəislərinin birinci müavinləri, həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndələri, MDB Müdafiə Nazirləri Şurasının katibi Aleksandr Sinayski qatılıb.

Tacikistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavininin iştirakı planlaşdırılsa da, tədbirə qatıla bilməyib. Komitəyə üzv olan Ermənistan və Ukrayna nümayəndələri isə tədbirə gəlməyib.

Tədbirdə çıxış edən Azərbaycan müdafiə nazirinin I müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Azərbaycanda son illər aparılan ordu quruculuğu və hərbi sahədəki islahatlardan danışıb. Çıxışında Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal olunması faktına daha çox diqqət yönəldən general-polkovnik N. Sadıkov Azərbaycanın hərbi büdcəsinin ilbəil artdığını və bu tendensiyanın davam edəcəyini bildirib.
Açılışda çıxış edən MDB Müdafiə Nazirləri Şurasının katibi Aleksandr Sinayski MDB-yə üzv dövlətlərin 2020-ci ilə qədər hərbi əməkdaşlıq sahəsində planlaşdırdığı tədbirlər barədə məlumat verib. Daha sonra müxtəlif ölkələrin nümayəndələri məruzələrlə çıxış ediblər.

Tədbirin yekununa həsr olunmuş brifinqdə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov bildirib ki, iclasda MDB dövlətləri arasında hərbi əməkdaşlığın inkişafına konseptual yanaşmalara, 2015-2020-ci illəri əhatə edən birgə tədbirlər planı, hərbi təyinatlı sistemlərin birgə yaradılması və təkmilləşdirilməsi, “Birgə dövlət radiolokasiya tanıtma sisteminin inkişaf Konsepsiyası”nın layihəsi, “Silahlı qüvvələrin mühəndis qoşunlarının hərbi qulluqçularının statusu haqqında Razılaşma”, humanitar minatəmizləmə məsələləri, “Birlik dövlətlərin silahlı qüvvələrinin maraqlarına uyğun olaraq geoməkan məlumatların mübadiləsi barədə Saziş”in layihəsi müzakirə olunub.

V. Gerasimov bildirib ki, Baş Qərargahların rəhbərləri 2015-ci ildə Birliyə üzv dövlətlərinin Silahlı Qüvvələrinin birgə tədbirlərinin Planını razılaşdırıblar: “Qərargah Rəisləri Komitəsinin iclasının gedişatında qəbul edilmiş qərarlar ümumi, regional və milli maraqları nəzərə alaraq çoxtərəfli hərbi əməkdaşlığın inkişafına yönəldilib”.

Qeyd edək ki, MDB Baş Qərargah Rəisləri Komitəsinin iclası Azərbaycanda birinci dəfədir keçirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş